Azərbaycan nümayəndə heyəti təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin beynəlxalq görüşündə iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin beynəlxalq görüşündə iştirak edib

15:23 - 26 / 05 / 2016
Azərbaycan nümayəndə heyəti təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin beynəlxalq görüşündə iştirak edib

Mayın 23-25-də Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin VII beynəlxalq görüşü keçirilib. Tədbirdə dünyanın 75 ölkəsinin nümayəndələri iştirak ediblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşün açılışında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və Şimali Qafqaz Federal Dairəsində Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Melikov çıxış ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT Təhlükəsizlik Şurasının Antiterror İcraiyyə Komitəsinin icraçı direktorunun müavini Veytszonq Çen Rusiya Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gİ Munun təbrik məktublarını oxuyublar.

Görüşdə dünyanın müxtəlif regionlarında ekstremizmə və terrorizmə qarşı mübarizə, miqrasiya prosesləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sisteminin formalaşması ilə əlaqədar məsələlər regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə olunub.

Görüşdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məruzələrlə çıxış edib.

Prezident Administrasiyasının rəhbəri məruzələrində Azərbaycanın terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində müsbət təcrübəsini, habelə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əldə etdiyi uğurları diqqətə çatdırıb. Vurğulanıb ki, bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə diqqət mərkəzində və nəzarətindədir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, habelə Belarus, Macarıstan və Rumıniya nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşdə Azərbaycan ilə Çeçenistan arasında dostluq münasibətləri xüsusi qeyd edilib, bu münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə təhlükəsizlik şuraları xətti ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər