Dağlıq Qarabağa qanunsuz səfər edən bolqar parlamentarilərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağa qanunsuz səfər edən bolqar parlamentarilərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

15:59 - 26 / 05 / 2016
Dağlıq Qarabağa qanunsuz səfər edən bolqar parlamentarilərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

“Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər”.

Bu haqda 1news.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, özfəaliyyət xarakteri daşıyan bu qərəzli səfər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir:

“Bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduqlarını bir daha göstərir. 

Təəssüflər olsun ki, rəsmi Yerevan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur. 

Sözügedən qanunsuz və təxribatçı səfər ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı ifadə edəcəkdir.

Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir”.

1news.az

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər