Savaş, yoxsa dialoq: ABŞ-Rusiya münasibətlərində növbəti gərginlik - Newtimes.az
Ekspertlər dünyanın indi daha sıx əməkdaşlığa ehtiyacı olduğu fikrində yekdildirlər. Demək olar ki, hər fürsətdə bütün səviyyələrdə insanlar sülhdən, əməkdaşlıqdan, mədəniyyətlər və sivilizasiyalararası dialoqdan danışırlar.
Xüsusilə siyasi liderlər daim məsələnin bu tərəfini vurğulayırlar. Ancaq bütün bu söz reallığının fonunda bəşəriyyəti təşvişə salan siyasi, hərbi proseslər gedir. Son olaraq ABŞ və Rusiya arasında müxtəlif regionlara yeni silahlar yerləşdirməklə bağlı ixtilafın dərinləşdiyi müşahidə edilir. Moskva Vaşinqtonu Avropada təhlükəli addımlar atmaqda, Amerika da öz növbəsində Kremli Baltik dənizində qızışdırıcı işlər görməkdə ittiham edib. Bunun fonunda qlobal geosiyasi mənzərədə riskli və təhdidedici məqamların meydana gəlməsi riskinin artdığını proqnozlaşdırmaq olar. Bütövlükdə situasiya həssas duruma gəlməkdədir. Bu prosesi dayandırmaq mümkün olacaqmı?
Güclü silah sistemləri: uçuruma doğru daha bir addım
ABŞ və Rusiyanın Suriya məsələsində anlaşmaları dünya birliyini xeyli sakitləşdirmişdi. Belə güman edilirdi ki, tərəflər digər qlobal problemlərin həllində dialoqlarını davam etdirəcəklər. Lakin son dövrlərdə münasibətlərdə tamamilə fərqli bir mənzərə yaranır. Vaşinqton və Moskva hərbi əzələlərini nümayiş etdirirlər. Özü də silahlanma yarışının yeni mərhələsi formasında hərəkət etdikləri hiss edilir. Bunun bütün dünya üçün təhlükəli nəticələrinin ola biləcəyini demək olar.
Bu kontekstdə ''oyun''a kimin birinci başlamasının elə bir əhəmiyyəti yoxdur. Çünki indi müşahidə edilən proses iki supergücün qlobal siyasətin dinamikasına fərqli münasibətlərindən qaynaqlanır. Hazırkı mərhələdə Amerika dünya liderliyinin yeni modelini həyata keçirməyə çalışır və Rusiya üçün onun çərçivəsində xüsusi yer ayırır. Moskva isə bu ssenari ilə razılaşmır və cavab olaraq özünü suveren dünya liderlərindən biri hesab edir. Kreml son zamanlar bunu qəbul etdirmək üçün beynəlxalq miqyasda ciddi addımlar atır.
Problemin digər tərəfi və hələlik kölgədə qalan hissəsi isə, təbii ki, Çinlə bağlıdır. Məsələ ondan ibarətdir ki, ABŞ-ın xarici siyasətinin strateji məqsədlərindən biri Rusiyanı Çinin təhlükəli olmasına inandırıb, ona öz yanında yer verməkdir. Keçən əsrin 70-80-ci illərində Henri Kissincerin diplomatik məharəti sayəsində bir dəfə uğurlu olmuş bu üsulu yenidən təkrarlamaq istəyirlər. Moskva isə bu dəfə başqa cür davranmağa qərar verib.
İndi Amerika NATO vasitəsi ilə davamlı hərbi addımlar atır. Ekspertlərin rəyinə görə, onun əsas məqsədi Baltik dənizindən başlayaraq Mərkəzi Asiyaya qədər geniş bir məkanda Rusiya ətrafında özünün düşündüyü ''təhlükəsizlik zolağı'' yaratmaqdan ibarətdir. Moskva da buna qarşı öz ''təhlükəsizlik zolağı''nı qorumağa cəhd edir. Bu iki istiqamətin toqquşmasının ən bariz nümunəsi iki ölkə arasındakı münasibətləri gərginləşdirən müəyyən məkanlarda yeni silahlar yerləşdirmək planlarını reallaşdırmağa başlamasıdır.
Vaşinqton may ayının 12-də Rumıniyada NATO-nun yeni hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. O, ''Aegis Ashore''dir. Bu, kifayət qədər müasir izləmə, vurma və kəşfiyyat aparma imkanlarına malik texnologiyadır. Rusiya Geosiyasi problemlər akademiyasının Prezidenti Konstantin Sivkovun dediyinə görə, ''Aegis Ashore'' və mayın 13-də Polşada yerləşdirilən sistem 2500 kilometr məsafədə hədəfi vurmaq, onu izləmək və informasiya toplamaq imkanına malikdir (bax: Эксперты: РФ ответит на ЕвроПРО ракетами, которые сделают ее бесполезной / ''РИА Новости'', 13 may 2016).
ABŞ-ın atdığı addımlar bununla məhdudlaşmır. Prezident Vladimir Putin məsələ ilə bağlı keçirdiyi iclasda bəyan edib ki, ''Dənizdə, bu halda Aralıq dənizində ''Aegis'' sisteminin, Rumıniyada radiolokasiya stansiyasının, sonra Polşadakı mövqe rayonu – bütün bunlar beynəlxalq təhlükəsizlik sisteminin yenidən silkələnməsi və yeni silahlanma yarışına start verən əlavə addımlardır'' (bax: Путин: размещение США вооружений в Европе раскачивает систему безопасности / ''РИА Новости'', 13 may 2016).
''Stop!'': bəşəriyyətin həyəcan siqnalı
Deməli, Kreml yaranmış vəziyyəti daha geniş aspektdə qiymətləndirir və özünə qarşı yeni mükəmməl hərbi sistemin hazırlandığına inanır. Rusiyalı mütəxəssislər artıq bunun bir sıra konkret istiqamətlərindən belə bəhs edirlər. Rusiya Müdafiə Nazirliyindəki İctimai Şuranın üzvü, ''Milli müdafiə'' jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, Amerikanın əsas məqsədi 25 ildən sonra Rusiyanın bütün hərbi sistemini izləməyə imkan verən və kosmosda yerləşdirilən təkmil lazer sistemi yaratmaqdan ibarətdir. Həmin sistem bütün dəniz akvatoriyasında Rusiyanın sualtı qayıqlarının və ballistik raketlərinin hərəkət trayektoriyasını izləməyə imkan verəcək. Eyni zamanda, Vaşinqton Avropa ilə yanaşı, Arktikada da konkret addımlar atır. O cümlədən İslandiyaya yeni qırıcılar yerləşdirir, hərbi infrastrukturu dəyişir (bax: Эксперты: РФ ответит на ЕвроПРО ракетами, которые сделают ее бесполезной / ''РИА Новости'', 13 may 2016).
Bütün bunlara qarşı Rusiyanın rəsmi dairələri ilə yanaşı, ekspertlərinin də irəli sürdüyü təkliflər maraqlı və hətta deyərdik ki, xeyli dərəcədə qorxuncdur. Məsələn, K.Sivkov ''Cavabımız asimmetrik olmalıdır. Amerikan HHM-in inkişafına cavab ABŞ-ın təminatlı məhvinə imkan verən vasitələrin yaradılması olmalıdır'', – deyir (bax: əvvəlki mənbəyə). Bu sırada o, Amerikadakı Yellowstone vulkanının partladılmasını, yerin dərin qatlarında partlayışlar törətməklə güclü sunamilərin yaradılmasını, 40 min kilometri vura biləcək super müasir raketlərin istehsalını zəruri sayır (bax: əvvəlki mənbəyə).
Onu deyək ki, belə təkliflər prezident V.Putinin ''İndi bu HHM elementlərinin yerləşdirilməsindən sonra biz RF-nin təhlükəsizliyinə yaranmış təhlükələri ram etməyi düşünməyə məcburuq'' kimi fikirləri fonunda elə də absurd görünmür (bax: Путин: Москва будет вынуждена подумать о купировании угрозы в отношении РФ / ''РИА Новости'', 13 may 2016).
Ədalət naminə Amerikanın da öz tədbirlərini ''Rusiyadan gələn təhlükələrin artması'' ilə əlaqələndirdiyini qeyd etmək lazımdır (bax: məs., U.S. Dismisses Putin’s Objection to European Missile Systems / ''www.wsj.com'', 13 may 2016). ABŞ müdafiə nazirinin müavini Robert Uork ''The Wall Street Journal''a bildirib ki, Rusiya özünü çox aqressiv aparır. Baltik dənizindəki situasiya buna misaldır. Ona görə də ''Bu təhlükələr özləri ilə problemlər gətirir. Onlar bizi çox narahat edir'' (bax: əvvəlki mənbəyə).
Bu cür qarşılıqlı ittihamlar fonunda qlobal miqyasda geosiyasi gərginliyin yüksəldiyi müşahidə edilir. Belə görünür ki, Vaşinqton və Moskva tutduqları yoldan çəkilməyəcəklər. Onların yeni silahlanma yarışına başlaması dünyanı daha təhlükəli vəziyyətə aparıb çıxara bilər. Bununla regional problemlərin həlli dalana dirənmiş olur. Onların supergüclərin geosiyasi maraqlarına qurban getməsi ehtimalı artır. Bütövlükdə isə dünyanın yeni geosiyasi nizamının formalaşması prosesi təhrif edilmiş olur.
Həmin sırada münaqişələrin ədalətli həlli barədə danışmaq olduqca çətinləşir. Çünki böyük güclər ortaq mövqe formalaşdırmaq imkanından məhrum olurlar. Deyək ki, ABŞ və Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridirlər. Onlar arasında ciddi problemlərin mövcudluğu şəraitində bu problemin həllində konstruktiv davranacaqlarına inanmaq çətindir.
Məsələyə bu aspektdə yanaşdıqda, belə bir proqnoz da vermək olar ki, yaranmış bir qədər xaotik durumdan təcavüzkar planları olan ölkələr yararlanmağa çalışa bilərlər. O cümlədən Ermənistanın yeni hərbi təxribatlara əl atması ehtimalı yüksəkdir. Bu da regionda təhlükəsizliyə ciddi təhdidlərin meydana gəlməsi ilə nəticələnə bilər. Qərbin də böyük önəm verdiyi beynəlxalq enerji layihələrinin taleyi sual altına düşər. Bunun kimsəyə faydası olacağını düşünmək sadəlövhlük olardı.
Yuxarıdakı təhlildən aydın görünür ki, ABŞ və Rusiyanın hərbi sahədə bir-birinə qarşı yeni addımlar atması ümumən dünya üçün həssas bir vəziyyət yaradır. İki qüdrətli dövlətin toqquşması bəşəriyyətin xeyrinə deyil. Göründüyü kimi, burada diplomatiyanın imkanlarından daha geniş şəkildə istifadə etmək lazımdır. Ancaq Vaşinqton və Moskvanın buna siyasi iradəsi varmı? Hələlik bu sualın cavabı məlum deyil və görünür, yaxın zamanlarda həmin məqam aydınlaşacaq. Çünki düşünmürük ki, ən güclü silah sistemləri belə kimlərinsə təhlükəsizliyini tam təmin etsin və dünyada sabitliyin möhkəmlənməsinə xidmət etsin. Ədalətli yanaşma, dialoq və əməkdaşlıq burada ən güclü vasitə ola bilər.
Newtimes.az