Azərbaycanın baş konsulu İstanbul valisi ilə görüşüb
Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev İstanbul vilayətinin valisi Vasip Şahin ilə görüşüb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə M.Hacıyev son vaxtlar İstanbulda baş verən terror aktlarında həyatını itirənlərə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan baş konsul qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
M.Hacıyevə yeni vəzifəsində uğurlar arzu edən İstanbul valisi əminliklə bildirib ki, o, səmərəli fəaliyyəti ilə ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfələr verəcək. V.Şahin diqqətə çatdırıb ki, Türkiyənin dövlət və hökumət başçılarının ilk rəsmi səfərlərini Azərbaycana etmələri ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın təzahürüdür.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına dair fikir mübadiləsi aparılıb.
1news.az