Bakıda keçirilən GP2 seriyası üzrə test yürüşünün qalibi məlum oldu
Bakıda keçirilən GP2 seriyası üzrə test yürüşünün nəticələri bəlli olub.
1news.az-ın məlumatına görə, “Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub.
“Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar.
Qeyd edək ki, ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.
Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir.
2016-cı ilin GP2 təqvimi 11 yarışdan ibarətdir. Onların hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start götürür və Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı şəhər halqasında keçirilir.
1news.az