Hikmət Hacıyev: “Milli Assambleyanın qərarı Azərbaycan və Fransa arasında əlaqələrin möhkəm bünövrəyə malik olduğunu göstərir”
Fransa Milli Assambleyasının qərarı Azərbaycan və Fransa arasında əlaqələrin möhkəm bünövrəyə malik və qarşılıqlı maraqlara uyğun olaraq inkişaf etdiyini göstərir.
1news.az-ın məlumatına görə, bunu Fransa parlamentində ermənipərəst millət vəkili Fransua Roşbulanın təşəbbüsü ilə müzakirəyə çıxarılan anti-Azərbaycan qətnamə layihəsi ilə bağlı 1news.az-ın sualını cavablandıran XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, Fransa Milli Assambleyasının deputatı Fransua Roşbluanın təşəbbüsü ilə UDI (demokrat və müstəqillərin birliyi, mərkəzçilər) siyasi qrupunun adından təklif olunmuş “Fransanın Cənubi Qafqazda sülh və demokratiya məqsədləri baxımından Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və diplomatik əlaqələr üzrə tədqiqat komissiyası”nın yaradılmasına dair 3764 saylı qətnamə layihəsi cari ilin 29 iyun tarixində Assambleyanın Xarici İşlər Daimi Komissiyasında müzakirə edilib.
Müzakirələr zamanı Komissiya üzvlərinin tam əksəriyyəti qətnamə layihəsinin mətnində tədqiqat obyektinin dəqiq müəyyən edilmədiyi, tədqiqat komissyalarının yaradılmasına dair qaydaların şərtlərinə tam cavab vermədiyi, habelə belə bir komissiyanın yaradılmasının Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində fəaliyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayıblar.
Beləliklə də, Xarici İşlər Daimi Komissiyası böyük səs çoxluğu ilə “Fransanın Cənubi Qafqazda sülh və demokratiya məqsədləri baxımından Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və diplomatik əlaqələr üzrə tədqiqat komissiyası”nın yaradılmasına dair təklifi qəbuledilməz hesab edərək onu rədd edib.
1news.az