Azərbaycanın qadın voleybolçuları Avropa Liqası yarışlarının qalibi olublar
İyulun 3-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub.
Millimiz turnirin final mərhələsi çərçivəsində Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşıb.
İtaliyalı baş hakim Giorgio Qnaninin idarə etdiyi oyunun ilk seti millimizin 25:15 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə də voleybolçularımız fərqləniblər – 25:22. Üçüncü setdə Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gələrək matçın taleyini həll ediblər. Bununla da görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında iyunun 30-da Slovakiyada keçirilən ilk oyunda millimiz 3:1 hesabı ilə qalib gəlmişdi. İki görüşün nəticəsinə görə, Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub. Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək dünya Qran-prisinə vəsiqə qazanacaq. Beləliklə millimiz bu vəsiqəni də təmin edib.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.
Qızıl medalları millimizin voleybolçularına Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Slobadan Miloş təqdim ediblər.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Hazırda millimizin heyətinə gənc oyunçular cəlb olunub. Əsas məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həmrəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsində ölkəmizi uğurla təmsil etməkdir.