Financial Times: Azərbaycan və Qazaxıstan qədim İpək Yolunu bərpa etməyə çalışır – VİDEO
Britaniyanın Financial Times qəzeti yeni İpək Yolu layihəsi haqda məqalə dərc edib. Məqalədə iki Xəzəryanı dövlətlərin - Azərbaycan və Qazaxıstanın bu layihənin bərpa olunmasında vacib rol oynadığı vurğulanır.
Financial Times-də “Yeni İpək Yolunun kəsişməsində” (“Crossing the new Silk Road”) adlı videonu dərc edən müxbir Cek Ferci hazırki layihənin üstünlüklərindən bəhs edir.
C.Ferci gəmi ilə Xəzər dənizini keçərək konteynerli qatarlarla Qazaxıstandan Azərbaycana səyahət edir. O, qeyd edir ki, bu gün Çin Şərqi Asiyadan Yaxın Şərq və Avropaya uzanan qədim İpək Yolunu bəpra etməyə çalışır. Əsrlər boyu Böyük İpək Yolu vasitəsilə Avropaya qiymətli yüklərlə dolu karvanlar səfər edib. Burada ipək parçalar, ədviyyatlar, xalçalar və başqa qiymətli yüklər vardı. Müxbirin qeyd etdiyinə görə, indi isə bu yükləri iri həcmli konteynerlər əvəz edir.
Reportajda qeyd edilir ki, Qazaxıstandakı Aktau limanı İpək Yolu layihəsinin bərpa olunmasında vacib rol oynayır. Əgər layihə uğurlu həyata keçərsə, Aktau vacib nəqliyyat qovşaqlarından birinə çevriləcək.
Həmçinin C.Ferci yeni İpək Yolunun üstünlüklərini də qeyd edir. Onun sözlərinə görə bu – Çindən Avropa bazarlarına uzanan ən qısa yoldur.
Financial Times-ın müxbiri ilə söhbət edən “Aktau beynəlxalq dəniz ticarəti limanı” SC-nin prezidenti Mixail Yalbaçev qeyd edib ki, Çindən yollanan konteyner qatarı Qazaxıstan dəmir yollarında kəsişərək Aktaudan Bakıya cəmisi 5 günə çatacaq.
Reportajda həmçinin Çin yüklərinin Rusiyadan da keçirilməsi qeyd edilir. Lakin bununla belə, mürəkkəb geosiyasi vəziyyətlər, xüsusən də Rusiya ilə Avropa arasındakı qeyri-stabil münasibətlər də vurğulanır. Buna görə də, yükgöndərən, yündaşıyan və yük qəbul edən tərəflər alternativ, daha stabil nəqliyyat yollarında maraqlıdırlar.
C.Ferci söyləyir ki, Çin bu layihəyə çox investisiyalar yatırmaq niyyətindədir. Belə ki, yeni İpək Yolunun konsepsiyası – yalnız dəmir yolu və limanlardan ibarət deyil. Bu layihənin məqsədi aralarında möhkəm əlaqələr yaratmaqla regionun bir çox ölkələrini birləşdirməkdir.
Reportajda qeyd edilir ki, Azərbaycan yeni İpək Yolu ideyasını fəal surətdə dəstəkləyir və hətta yükdaşıma tariflərinin aşağı salınmasına təşəbbüs göstərib ki, bu da bu istiqamətdə yükdaşınmasını daha da asanlaşdıracaq.
Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu layihəyə cəlb edilmiş bütün qurumların işi yükdaşıyanları qane edəcək ədalətli tariflərin hazırlanmasındadır. Həmçinin o, qeyd edir ki, hazırda bütün ölkələr nəqliyyat yollarının şaxələndirilməsində maraqlıdır. Eləcə də Azərbaycan bu marşrutlar üçün alternativ variantlar təklif edir.
Financial Times-ın müxbiri öz reportajında qeyd edir ki, həm Azərbaycan və Qazaxıstan, həm də dünya birjalarında neftin enməsində zərər çəkmiş ölkələr üçün yeni İpək Yolu neftdən asılılığı azaldaraq, iqtisadiyyatın strukturunun dəyişməsinə imkan verən layihədir.
C.Ferci həmçinin “Bakı beynəlxalq dəniz ticarəti limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla da söhbət edib. T.Ziyadov qeyd edib ki, hazırki layihənin həyata keçməsi region ölkələri arasında münasibətlərin dərinləşməsinə, yeni iş yerlərinin açılmasına, eləcə də dünya okeanına çıxışı olmayan Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin inkişafında vacib rol oynaya bilər.
Financial Times-ın müxbiri reportajın sonunda qeyd edir ki, hazırda Aktau ilə Bakı nəhəng dünya limanı deyillər, lakin Çinin dəstəyi ilə regionun ən aparıcı limanlarına çevrilə bilərlər.
Xatırladaq ki, hazırda Çin İpək Yolunun iqtisadi kəmər təşəbbüsünü irəli sürür. Çin tərəfidnən irəli sürülən layihə iqtisadi böyüklüyünə görə dünyada ikinci olan ölkənin Avropa və Mərkəzi Asiya ilə birləşməsinə yönəlib.
İpək Yolunun iqtisadi kəməri və ona əlavə olunan İpək Yolu dəniz layihəsi Çin hökuməti tərəfindən 2013-cü ildə Asiya, Avropa və Afrika arasında qədim İpək Yolu vasitəsilə ticarət və infrastruktur şəbəkəsinin yaranmasına yönəlib. Hər iki layihə “Vahid kəmər – vahid yol” kimi adlandırılır.
Dünya Bankının məlumatlarına görə, hazırki layihə sona çatanda Çinin ticarət yolu 60-dan çox ölkəni, eləcə də 4,4 milyarddan çox əhalini əhatə edəcək. İpək Yolu boyunca ölkələrin iqtisadiyyatları dünya ÜDM-inin 40%-dən çoxunu əhatə edir.
1news.az