Elmar Qasımovun çıxışı və təltif olunması - FOTO
Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarında aktivinə daha bir medal yazdırıb.
1news.az-ın məlumatına görə, növbəti uğura cüdo üzrə yığmamızın üzvü Elmar Qasımov imza atıb.
Belə ki, 100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz ilk olaraq 1/16 final mərhələsində Olimpiya çempionu Taqir Xaybullayevi, 1/8 finalda əlcəzairli Lyes Bouyakubu, 1/4 finalda misirli Dərviş Ramazanı, yarımfinalda isə ukraynalı Artyom Bloşenkonu məğlub edərək finala vəsiqə qazanıb.
Finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparan Qasımov təəssüf ki, rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.
1news.az