Binəqədidə binanın yanmasında təqsirləndirilən şirkət rəhbəri: "Yanğın qəsdən törədilib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
"Poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov ifadəsində bildirib ki, özünü təqsirli bilmir, hadisə qəsdən törədilib. O qeyd edib ki, şirkət keyfiyyətsiz məhsul istehsal etmək niyyətində olsaydı, şirkəti öz adına deyil, başqa şəxslərin adına təsis edərdi: "Hadisə baş verən gün günorta yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar. Bir az əvvələ qayıtmaq istəyirəm. 2012-ci ildə MTN "Texnikabank"da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum".
O, Binəqədidəki yanğının təxribat olduğunu deyib: "Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram ".
Sonra təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun səhhəti ilə əlaqədar məhkəmə ekspertizası təyin edilib.
Hakim bildirib ki, məhkəmə Q. Novruzovu prosesə məcburi gətizdirib: "Ekspert qarşısında sual qoyulacaq ki, bu şəxsin səhhəti necədir, məhkəmədə iştirakı mümkündürmü?"
Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
1news.az