Robert Prosineçki: Şeydayevlə Mahmudovun milli komandamızda çıxış etməsi Avro-2020 ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər
Azərbaycan milli komandasının baş məşqçisi Robert Ramil Şeydayevlə Emin Mahmudovun milli komandamızda çıxış etmək perspektivi barədə fikirlərini bildirib.
Bu haqda 1news.az affa.az-ya istinadla xəbər verir:
“Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm. Onların gələcək karyeraları özlərindən asılıdır. Ümidvaram ki, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcəklər. Onları diqqət mərkəzində saxlayacağıq, ehtiyac yaranarsa, köməkçilərim oyunlarını canlı izləyəcək.
Milli komandanın avqustun 24-də başlayacaq təlim-məşq toplanışına hər iki futbolçunu dəvət edib məşq prosesini canlı olaraq izləyəcəyəm. Bu futbolçuların milli komandada çıxış etməsi bizim Avro-2020 ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər. İkisi də gəncdir və uzun illər milli komandada çıxış etmələri mümkündür. Hərçənd işimiz bununla kifayətlənməyəcək, gənc oyunçuların axtarışını davam etdirəcəyik. Unutmayaq ki, bizi 2020-ci ildən əvvəl DÇ-2018-in seçmə mərhələsinin oyunları gözləyir.
Hələ ki bütün diqqətimizi bu seçmə mərhələyə yönəltməliyik. İlk oyunumuzu səfərdə San Marino yığmasına qarşı keçirəcəyik. Qrup mərhələsinə uğurlu start vermək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Daha sonra evdə Norveç yığmasını qəbul edəcəyik. Ümid edirəm ki, futbolçularımızdan heç biri zədəli olmayacaq.
Fürsətdən istifadə edib avrokuboklarda çıxış edən “Qarabağ” və “Qəbələ” klublarına play-off mərhələsində keçirəcəkləri oyunlarda uğurlar arzulayıram. İnanıram ki, hər iki komanda uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, azarkeşlərini sevindirəcək. Bu, Azərbaycan futbolu üçün çox vacibdir”.
1news.az