Hackerlər ABŞ-ın vacib məlumatlarını ələ keçiriblər
“Shadow Brokers” haker qruplaşması ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) kiber casuslarının arxiv fayllarını hərraca yerləşdirib.
1news.az Technote-yə istinadən xəbər verir ki, faylların ən yüksək qiymət təklif edən şəxsə satılacağı qeyd olunub.
Hakerlər “Tumblr” saytındakı ismarıclarında bildiriblər ki, onlar MTA ilə sıx əlaqədə olan “Equation Group”” adlı kiber casus komandasının kompüter sistemlərini sındırıblar.
Casus komandası 14 il ərzində aşkar edilmədən müxtəlif ölkələrə kiber hücumlar təşkil edib. Sübut olaraq "Shadow Brokers” MTA-nın oğurlanmış "kiber silahını” təqdim edib.
Bundan əlavə olaraq "Stuxnet-dən daha yaxşı” kompüter kodlu şifrələnmiş fayl da təqdim olunub. Güman olunur ki, Stuxnet MTA tərəfindən yaradılmış virusdur. Həmin virusun 2010-cu ildə İran-dakı atom elektrostansiyası kompüterlərinə zərər vurduğu qeyd edilir.
Məlumata əsasən faylın şifrəsini açmaq üçün nəzərdə tutulmuş açar bitcoin valyutası ilə ən yüksək qiyməti təklif edəcək şəxsə veriləcək. Mütəxəssislərin bildirdiyinə görə isə hackerlər tərəfindən oğurlanmış fayllarda heç bir təhlükəli məlumat yoxdur.
1news.az