İsmayıllı rayonunda ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-müşavirə keçirilib - FOTO
Avqustun 16-da İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən 1news.az-a verilən məlumata əsasən, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev İsmayıllıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək ölkəmizdə mövcud olan tolerantlıq mühitindən və eləcə də ölkə rəhbərliyinin dindarlara qayğısından bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Səyyad Salahlı eyni zamanda, ölkəmizdə dini ekstremizmə qarşı keçirilən çoxşaxəli maarifləndirmə tədbirləri barədə iştirakçıları məlumatlandırıb, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı, koordinasiyalı fəaliyyətin, məlumat mübadiləsinin daha da gücləndirilməsinin, bu sahədə dini icma rəhbərlərinin üzərinə düşən işin önəmini vurğulayıb. O, ölkəmizin sahib olduğu əmin-amanlıq şəraitini qorumaq üçün milli-mənəvi dəyərlərimizə sahib çıxmağın və radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.
Daha sonra QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1news.az