Səfir Elman Abdullayev etimadnaməsini təqdim edib
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev BMT-nin Nayrobi şəhərindəki bölməsinin Baş direktoru xanım Sahle-Vork Zevdeyə etimadnaməsini təqdim edib.
Xarici İşlər Nazirliyindən (XİN) 1news.az-a verilən məlumata görə, görüşdə səfir E.Abdullayev ölkəmizin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
O, həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini qeyd edib.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə tanıdığını vurğulayaraq, qurumun Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edib və BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əmin olduğunu həmsöhbətin diqqətinə çatdırıb.
Söhbət zamanı Azərbaycan Səfirliyinin ilk dəfə olaraq, BMT-nin Nayrobi şəhərindəki bölməsində akkreditasiya olunmasından sonra ölkəmizin mənzil-qərargahları Nayrobi şəhərində yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT) Proqramları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ardıcıl səylərin həyata keçiriləcəyi qeyd edilib.
Baş direktor Sahle-Vork Zevde ölkəmizlə BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu qeyd edərək, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.
1news.az