“Dərinsulu Günəşli” platformasında hasilat müvəqqəti dayandırılacaq
Sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
“BP” “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək”, - deyə məlumatda vurğulanıb.
Plana əsasən, Dərinsulu Günəşli platformasından hasilat 2016-cı il sentyabr ayının 1-dən başlayaraq təxminən 11 gün ərzində planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparıla bilməsi üçün dayandırılacaq: “Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür.
Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür”.
Qeyd edək ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2015-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.
“Digər platformalardan - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Qərbi Çıraq və Şahdəniz paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək”, - deyə məlumatda vurğulanıb.
1news.az