Bakıda “ICMSEM - 2016” 10-cu beynəlxalq konfrans öz işinə başlayıb
Dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsil olunduğu “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu beynəlxalq konfransı öz işinə başlayıb.
1news.az xəbər verir ki, konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlu alimləri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarına Azərbaycan və ölkəmizdə təhsilin inkişafı barədə məlumat verib:
“Son 20 ildə ölkədəki məktəblərin 70 faizi ya təmir olunub, ya da yenidən qurulub. Hazırda təhsil sistemini və elmi yenidən qurmağa və onların işləkliyini təmin etməyə çalışırıq. Əmin olmalıyıq ki, elm və təhsil iqtisadi inkişafların ehtiyacını qarşılaya bilər. İqtisadi inkişafa elm, təhsil və innovasiyaların vəhdəti ilə nail ola bilərik. Buna görə də təhsil, elm və iqtisadiyyatda sinergiya yaradılmalı, onların birgə inkişafı təmin ediloməlidir”.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, elmdə və təhsildə menecment anlayışını təlqin etməklə bir çox uğurlara imza atmaq olar:
“Təhsil və elm vəhdət təşkil edir. Buna görə də bu iki sahə arasında menecment işinin qurulması çox vacib bir məsələdir. İnanıram ki, XXI əsr elmin, texnologiyanın inkişafı baxımından inqilabi bir əsr olacaq.
Gənclərə elmə cəlb etmək üçün daim addımlar atılır. Sevindirici haldır ki, bu il Akademiyada 70-ə yaxın magistr çalışacaq. Bu eyni zamanda elmdə menecment fəaliyyətinə də öz töhfəsini verəcək”.
Tədbirdə çıxış edən digər natiqlər də elmin və təhsilin inkişafı sahəsində görülən işlərdən danışaraq, elm və təhsil sistemində menecmentliyin rolunu xüsusi vurğulayıblar.
Qeyd edək ki, konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.
Onu da bildirək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edir.
Konfrans öz işini sentyabrın 1-də yekunlaşdıracaq.
1news.az