“Galaxy Note 7” smartfonlarının satışı dayandı
Cənubi Koreyanın elektron avadanlıqlar istehsalçısı “Samsung Electronics” batareyanın alışması təhlükəsi səbəbindən yeni məhsulu olan “Galaxy Note 7” smartfonlarının satışını dayandırıb.
1news.az Technote-yə istinadən xəbər verir ki, iki həftə ərzində bir milyon ədəddən çox qurğunun satıldığı bildirilir.
Şirkət smartfonların batareyasının dəyişdiriləcəyini bildirsə də, satışların bərpa olunacağı tarixi dəqiqləşdirməyib.
Xatırladaq ki, “Galaxy Note 7” smartfonları avqustun 19-dan etibarən dünyanın 10 ölkəsində satışa çıxarılmışdı. Elektron avadanlıqların istehsalı ilə məşğul olan “Samsung Electronics” kompaniyasının illik satış həcmi 196 milyard dollar təşkil edir. Mənzil qərargahı Seulda (Cənubi Koreya) yerləşən kompaniyanın 84 ölkədə 319 min əməkdaşı var.
1news.az