San Marino - Azərbaycan: seçmə mərhələyə başlayır
Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk oyununu keçirəcək.
1news.az xəbər verir ki, səfərdə keçiriləcək qarşılaşmada rəqib San-Marino yığması olacaq.
FİFA reytinqində 136-cı mövqedə olan Azərbaycan millisi ilə siyahının ən son pilləsində dayanan San-Marino arasında baş tutacaq görüşdə qonaqlar favorit hesab olunur.
Belçikadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma yerli Olimpiya Stadionunda olacaq. Meydan sahiblərinin qənaətinə görə, oyuna yerli azarkeşlər tərəfindən marağın az olacağı gözlənilir.
Komandalar artıq son hazırlıqlarını başa vurublar. Yığmanın heyətində yalnız iki futbolçu yer almayıb. Bunlar zədə səbəbindən milliyə qatılmayan Ruslan Abışov və Bədavi Hüseynovdur. Milliyə yeni cəlb olunan Ramil Şeydayev və Emin Mahmudov da düşərgədə yer alıb. Matçın start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanov yer alacaq.
C qrupu
20:00. San-Marino - Azərbaycan
Baş hakim: Sebastyan Delferye
1news.az