Emin Əfəndi: Bizsiz “Neftçi” “Bizimki” ola bilməz | 1news.az | Xəbərlər
Futbol

Emin Əfəndi: Bizsiz “Neftçi” “Bizimki” ola bilməz

04:29 - 12 / 09 / 2016
Emin Əfəndi: Bizsiz “Neftçi” “Bizimki” ola bilməz

Şəxsən mən Neftçini 5 yaşımda “Bizimkilər” adı ilə tanımışam.

Qardaşımla oynayırdıq, səs-küyümüz evi bürümüşdü. Atam futbola baxırdı və səsimiz ona mane olmasın deyə, məni qucağına otuzdurub dedi: “Bax, qaralar – Bizimkilərdi”
Sonra mənə qaydaları başa saldı.

O vaxtdan bəri mən futbolu sevirəm və “Bizimkilərin” azarkeşiyəm.

Fanat olduğum dövrlər də olub.

90’larda SSRİ-nin süqutundan sonra “Bizimkilər”, “Özümüzünkülər” lə oynayırdı. 14-15 yaşımızda stadiona bütün məhlə ilə gedirdik. Bir dəfə isə düz Gəncəyə kimi getdik. “Kəpəz”lə oyunda ilk dəfə anladım ki, “Bizimkilər”lə “Özümüzünkülər” arasında əsl intriqa var (başına taxta, daş və dəmir atılanda bunu tez başa düşürsən.

Biz də öz növbəmizdə sakit durmurduq. “Özümüzünkülər” siyahısından bir-bir Azərbaycan klublarını çıxarırdıq, təbii ki, Respublika çempionatı və kuboklarında.
Get-gedə böyüdük. Futbola böyük pullar və böyük insanların gəlişinin şahidi olduq. Ölkə futbolunun romantikası da bizə görə öldü.

“Bizimkilər” və “Özümüzünkülər” böyük şirkətlərin şöbələrinə çevrildi.
Bir futbol azarkeşi kimi mən şöbələrə və şöbə müdirlərinin çempionatına baxa bilmədim.

Düzdür, “Bizimkilər” bir neçə dəfə ölkə çərçivəsində uğurlar da qazandı, klublarımız arasında ilk dəfə UEFA Avropa liqasının qrup mərhələsində də oynadı. Amma mənə görə bu “Bizimkilərin” nailiyyəti deyil “Özümüzünkilərin” nəailiyyəti oldu (anlayana).
Çünki 1995 -ci ilin 3:2 “Kəpəz” qalibiyyəti mənim üçün bütün son çempionluqlardan əziz və daha yadda qalan oldu.

Xülasə, “Neftçi”nin uşaqlıqda xəyal etmədiyimiz belə pik nəailiyyətlərində mən flaqmandan və ölkə çempionatından tam soyudum.

Dünən isə “Neftçi” “Qəbələ”yə 0:8 hesabı ilə məğlub oldu.

Əslində çox pis oldum. Bütün yuxarıda yazdıqlarım, uşaqlıq xatirələri gözümün önündən keçdi.

Peşman oldum ki, vaxtı ilə “Bizimkiləri” kimlərəsə görə tərk etdim.

Bu 0-8 də öz günahımı da görürəm.

Çünki, “Bizimkiləri” Bizimkilər edən biz olmuşuq və bizsiz “Neftçi” “Bizimki” ola bilməz.

Bu gündən etibarən mən “Bizimkilərin” yanına “Neftçiyə” qayıdıram.

Emin Əfəndi

Paylaş:
4533

Son xəbərlər

Bütün xəbərlər