FIDE rəhbəri Şahmat Olimpiadasının uğurlu təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Şahmat Federasiyasına təşəkkürünü bildirib:
“Bakıda keçirilən Şahmat Olimpiadasını həm yüksək səviyyədə təşkilinə, həm də iştirakçıların tərkibinə görə tarixdə ən yaxşı Olimpiada adlandırmaq olar. Yarışlarda dünyanın bütün əsas beynəlxalq qrossmeysterləri iştirak edirdilər. Onların arasında hazırkı dünya çempionları da var idi. Partiyalar, gedişlər də olduqca maraqlı idi. Olimpiada möhtəşəm “Baku Crystal Hall”da keçirilirdi. Həmin zalda iştirakçılar üçün sərgilər, ekskursiyalar təşkil olunmuşdu. Azərbaycan Prezidenti bizə oyunlardan sonra asudə vaxtlarda ölkənin mədəniyyəti, adət-ənənələri ilə tanış olmağı tövsiyə etmişdi. İki həftə ərzində Olimpiadanın iki minədək iştirakçısı əmin oldu ki, Azərbaycan dünyanın şahmat paytaxtlarından biri olmaqla yanaşı, qədim adət-ənənələrinə və mədəniyyətinə sadiq olan inkişaf etmiş ölkədir”.
K.İlyumjinov Azərbaycanın qədimliyi ilə bərabər, həm də yüksək texnologiyaların inkişaf etdiyi, müasir binaların inşa edildiyi ölkə olduğunu söyləyib. “Hər şey ürəyimizcə oldu. Şahmatçılar Bakıdan getmək istəmirdilər və ümid edirlər ki, bu gözəl şəhərə bir daha qayıdacaqlar”, - deyə FIDE-nin prezidenti vurğulayıb.
Azərbaycanın hazırda dünyanın idman paytaxtına çevrildiyini diqqətə çatdıran K.İlyumjinov deyib:
“Mən birinci Avropa Oyunları zamanı Bakıda idim. Bu il ölkənizdə “Formula-1” Avropa Qran-prisi keçirildi. Qarşıda isə bizi IV İslam Həmrəyliyi Oyunları gözləyir. Beynəlxalq idman qurumlarının nümayəndələri Azərbaycan rəhbərliyindən, Gənclər və İdman Nazirliyindən çox şey öyrənə bilərlər. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunları bu sahədə daha bir nümunə olacaq”.
AZƏRTAC