Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi başlayıb
“Baku Expo” Mərkəzində “BIHE 2016” 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, 19-21 sentyabr tarixlərində keçiriləcək sərgi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunub.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir. Bunun sərgi üçün rekord göstərici olduğunu deyən nazir müavini qeyd edib ki, şirkətlər arasında Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var:
“Ümumilikdə xarici eksponentlər sərgi iştirakçılarının 60%-ni təşkil edir. Sərgiyə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribütorları da qatılıb. Builki sərginin debütantları sərgi iştirakçılarının 30%-ni təşkil edir. Bu sərgi Qafqazın ən böyük səhiyyə sərgisidir”.
Azərbaycan Stomatologiya Assosiasiyasının (ASA) sədri Səna Əliyeva bildirib ki, bu kimi tədbirlərin keçirilməsi səhiyyənin inkişafına, qarşılıqlı əməkdaşlıqların qurulmasına xidmət edir. “İTECA Caspian” şirkətinin direktoru Fərid Məmmədov deyib ki, “BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Onun sözlərinə görə, builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir.
Qeyd edək ki, “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2016”) və 10-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2016”) sərgiləri keçirilir.
1news.az