“Mərcan”ın il ərzində əldə etdiyi nailiyyətlər - FOTO
Bir il öncə 6 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar rayonuna səfər proqramı çərçivəsində müasir texnologiyalar əsasında qurulmuş “Mərcan” brend adı ilə quş əti istehsal edən “Garant Aqro” MMC quşçuluq sənayesi müəsisəsini ziyarət edib.
Respublika prezidentinin təsdiqlədiyi və bu gün də reallaşdırılması uğurla həyata keçirilən “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın mühüm tərkib hissələrindən biri də quşçuluğun kompleks inkişaf etdirilməsidir. Burada məqsəd əhalinin daha etibarlı, keyfiyyətli və sağlam quşçuluq sənayesi məhsulları - quş əti, yumurta kimi məhsullara olan tələbatını sənaye üsulu ilə sırf yerli istehsal sayəsində ödənilməsinə nail olmaqdan ibarətdir.
Məhz ölkə rəhbərinin kənd təsərrüfatı və quşçuluq təsərrüfatlarına xüsusi diqqəti və qayğısı sayəsində əhalinin quşçuluq təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, həmçinin bu sahədə yeni texnologiyalar tətbiq olunmaqla regionlarda qida sənayesi inkişaf edir, eləcə də yeni iş yerlərinin açılması da sürətlənir.
Sentyabrın 23-də Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişiklikləri təsdiq edib.
Nazirlər Kabinetinin müvafiq qərarı rəsmi mətbuatda oktyabrın 2-də dərc edilib və 2016-cı ilin noyabrın 2-də qüvvəyə minəcək. Sənəddə qeyd edilir ki, gömrük rüsumlarının dərəcələri İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış və iki il müddətinə – 1 noyabr 2018-ci il tarixinə qədər qüvvədə qalacaq.
Yerli istehsalın inkişaf etdirilməsinə yönəlmiş tədbirlər planı və respublikada quşçuluğun inkişafı. Bütün bunlar “Mərcan” brend adı ilə quş əti istehsalçılarından biri olan “Garant Aqro” MMC şirktinin fəaliyyətində necə əks olnur?
“Garant Aqro” MMC-nin baş direktoru Rüfət Məmmədzadənin sözlərinə görə, il ərzində biznes fəaliyyətində xeyli irəliləyişlərə nail olunub, istehsal həcmi iki dəfəyədək artırılıb:
“Hal-hazırda “Garant Aqro” MMC şitkəti qida bazarına “Mərcan” brendi adı altında gündəlik 20 tona yaxın məhsul çıxarır. 2015-ci ildə müəssisənin işçi sayı 240 nəfər idisə, hazırda bu rəqəm 380 nəfər təşkil edir. İstehsal həcminin artması və yüksələn inkişaf xətti eyni zamanda işçilərin orta əmək haqqının da artmasına səbəb olub.
İstehsal gücünün artırılmasına dair planlara gəldikdə isə, müəssisə cari ilin noyabr ayına qədər yeni broyler yem məhsulları istehsal edcəcək zavodun açılmasını nəzərdə tutur. Bununla yanaşı, ayda 1 milyon cücə istehsal etmək gücünə malik digər inkubator sexlərinin açılması üçün investisiya danışıqlarının aparılmasını da qeyd edə bilərik.
Yekun olaraq qeyd edə bilərik ki, məhz bir il öncə ölkə rəhbərinin müəssisəmizlə tanış olarkən verdiyi mühüm tövsiyələri əsas tutaraq bu gün müəssisəmizin istehsalat və biznes fəaliyyətində yüksək nailiyyətlər əldə etmişik!”