Direktor çətin durumda: “Yuxarılar süpürgə məsələsinə görə məndən izahat istəyir”
Bərdə rayon Hacallı kəndindən olan bir sakinin kənd məktəbində tez-tez süpürgə pulunun yığılmasına etiraz olaraq həmin məktəbə 150 ədəd süpürgə alıb paylaması bəradə verilən məlumat sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.
1news.az cebhe.info-ya istinadən xəbər verir ki, Elxan Zeynalov adına Hacallı kənd orta məktəbinin direktoru Səyyarə Zeynalova deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Mənə yaxınlardan bir nəfər zəng edib belə məlumat oxuduqlarını dedilər. Düzü, öncə zarafat kimi qəbul etdim lakin sonra həmin yayılan məlumatla özüm də tanış oldum. Kim istəyirsə, gəlib həm kənddən, həm də məktəbdən məlumatın doğruluğunu yoxlaya bilər. Belə bir fakt olmayıb”.
S.Zeynalova məlumatın böhtan xarakterli olduğu üçün məhkəməyə müraciət edəcəyini də bildirib:
“Hazırda məsələ ilə bağlı yuxarı qurumlar məndən izahat istəyir. İzahat verdikdən sonra bu məlumatı yayanlar barədə məhkəməyə şikayət edəcəyəm”.
1news.az