Xəzərdə təlimlər keçirilib – FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkarlanan terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi ilə bağlı taktiki təlimlər keçirib.
1news.az-a DSX mətbuat xidmətindən verilən xəbərə görə, təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı DSX bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.
Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı DSX Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra edilib.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub.
DSX rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb.
Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçular təltif olunublar.
Taktiki təlimləri baş nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.
1news.az