Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı konfrans keçirilib – FOTO
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən konfrans keçirilib.
QHT rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan filmin nümayişi ilə başlayıb.
Sonra “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri”, “Azərbaycan Respublikasının iqtisadi inkişafı” və “Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti” mövzularında məruzələr dinlənilib.
Azərbaycanın müstəqillik uğrunda çətin yol keçdiyini deyən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizə əngəl törədəcək xeyli hadisələr baş verib, lakin Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu Öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Son üç ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan misli görünməmiş inkişafa nail olub, dünyada nüfuzlu dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirilib”, - deyə F.Qurbanov əlavə edib.
Milli Məclisin deputatı, “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni müstəqilliyimizin bərpasından sonra baş verən hadisələrdən, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında əvəzolunmaz xidmətlərindən danışıblar.
AZƏRTAC