Denver meri ermənilərin arzusunu ürəyində qoydu – FOTO
Bir neçə gün əvvəl erməni mənbələri ABŞ-ın Kolorado ştatının Denver şəhərinin meri Maykl Hənkok tərəfindən imzalanmış Ermənistanın müstəqillik gününə həsr olunmuş Proklamasiyada (rəsmi yazılı bəyanat) Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma rejimə istinad edilərək, onun Denver şəhəri tərəfindən tanındığı barədə məlumat yayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu gün daxil olan məlumatda bildirilir ki, şəhər meri M.Hənkok məsələyə dair obyektiv informasiya və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlə tanış olduqdan, həmçinin qondarma rejimin dünyada heç bir ölkə, o cümlədən ABŞ tərəfindən tanınmadığı barədə öyrəndikdən sonra həmin Proklamasiyanı ləğv edib və onun mətnindən qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı bütün istinadları çıxarıb və yeni versiyasını imzalayaraq yayıb.
Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, xarici siyasətə aid məsələlərə dair qərarların verilməsi yalnız federal hakimiyyətin səlahiyyətindədir. Buna baxmayaraq, erməni diasporu və lobbiçiləri ayrı-ayrı ştatlarda, hətta şəhərlərin yerli hakimiyyətlərində onların xarici siyasətlə bağlı kifayət qədər məlumatlı olmadıqlarından yararlanaraq bu kimi təxribatlara əl atma strategiyasını davam etdirir.
Bu dəfə olduğu kimi, əksər hallarda erməni yalanı ifşa edilir və həmin sənədlər ya qəbul olunmur, ya da sonradan onların ləğvi ilə bağlı qərar çıxarılır.
1news.az