“Qəbələ”nin seriyasına son qoyuldu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start verilib.
1news.az xəbər verir ki, açılış oyununda Bakının "İnter" klubu "Qəbələ"ni qəbul edib.
Tərəflər "İnter Arena"da münasibətlərinə aydınlıq gətirib. Oyuna meydan sahibləri aktiv başlayıb. "Qəbələ"də rəqib qapısına yol tapmaq istəsə də, komandaların hücumları nəticə verməyib. İlk 45 dəqiqə qolsuz bərabərliklə başa çatıb.
İkinci hissəyə də "bankirlər" daha fəal başlayıb. Bunun məntiqi nəticəsində meydan sahiblərinin heyətində Ağabala Ramazanov rəqib qapısına yol tapıb. 48-ci dəqiqədə oyunda hesab açılıb - 1:0. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam edib. Sergey Zenyov 69-cu dəqiqədə hesabı bərabərləşdirib.
Bu nəticə ilə "İnter" 16 xalla turnir cədvəlində 2-ci, "Qəbələ" isə 20 xalla 1-ci pillədə qərarlaşıb. Günə "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, bu ilin ilk 7 turunda və ötən mövsümün son 2 matçında qol buraxmayan “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı ardıcıl 9 quru oyundan sonra topu qapısında görüb. Onun seriyası 915 dəqiqə sürüb.
1news.az