Adam öldürərək hadisə yerindən qaçan sürücü həbs edilib
Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu, Abşeron rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mümkün olub.
Belə ki, oktyabrın 14-də saat 23:00 radələrində naməlum sürücü idarə etdiyi “Mercedes-Benz 190” markalı 01BX071 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1965-ci il təvəllüdlü, Masazır qəsəbəsində müvəqqəti yaşayan Azad Allahverdiyevi vuraraq hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin 1977-ci il təvəllüdlü, Masazır qəsəbə sakini Elman Quliyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
E.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1news.az