Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri, HDP liderləri və bu partiyadan seçilmiş 11 deputat həbs olunub
Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan, eləcə də kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2013-cü ildə İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalana baş çəkən P.Buldan PKK ilə əlaqədə olmaqda şübhəli bilinir.
Digər saxlanılanlara gəlincə, S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.
Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.
S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.
S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
1news.az