Peşmərgə gücləri Başikaya yönəldi
İraqın kürdlərdən ibarət peşmərgə gücləri strateji cəhətdən vacib olan və Mosuldan 20 kilometr uzaqlıqda yerləşən Başika yaşayış məntəqəsinə tərəf irəliləməyə başlayıblar.
1news.az-ın Anadolu Ajansı-na istinadən verdiyi məlumatına əsasən, bu əməliyyata İraqın kürd bölümünün lideri Məsut Barzani başçılıq edir.
Son məlumatlara əsasən, Başikada yüzə yaxın İŞİD terrorçusu qalıb.
Barzaninin daha əvvəl dediyinə görə, Başika tamamilə mühasirəyə alınıb və onun alınması zaman məsələsidir.
Qeyd edək ki, əsasən xristianların və yezidilərin yaşadığı Başika məntəqəsi cari ilin oktyabrın 23-ü mühasirəyə alınmışdı.
Bölgədə həmçinin Mosul əhalisindən ibarət “Nineviya mühafizləri”-nə təlim keçmək məqsədilə ötən ildən bəri türk əsgərləri yerləşib. Onlar tam hazır vəziyyətə gətirilib. Türk əsgərlərinin yerləşdiyi düşərgəni bölgədən bir neçə kilometr ayırır.
1news.az