Azərbaycanda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb – FOTO

16:00 - 07 / 11 / 2016
Azərbaycanda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb – FOTO

Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və kitab sərgisi ilə tanış olublar.

Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Təzadlarla dolu müasir dünyamız, konfransdan əvvəl bədii proqramda təqdim edilən Hamletin “Olum, ya ölüm” monoloqunda olduğu kimi sual qarşısındadır desək, bəlkə də yanılmarıq. Lakin belə bir mühitdə Azərbaycanın dünya ölkələrinə örnək olacaq multikultural ənənələri gələcəyə nikbin baxmağa əsas verir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu gün dünyanın tanınmış teatr sənətçilərinin dördüncü dəfə bir araya gələrək bu əhəmiyyətli tədbirdə iştirak etməsi və müasir teatr proseslərinin araşdırılması təqdirəlayiq hadisədir.

Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açan nazir bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. “O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik səhnə ocaqları yaradılır”, - deyə nazir vurğulayıb.

Azərbaycan müəlliflərinin əsərlərinin dünyanın bir neçə ölkəsində səhnələşdirildiyini söyləyən Ə.Qarayev deyib ki, yalnız bu il müddətində Xalq Yazıçısı Elçinin əsərləri İstanbul, London, Nyu-York, Sankt-Peterburq və İtaliyanın bir sıra şəhərlərində səhnəyə qoyulub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan nazir qeyd edib ki, işğal nəticəsində mədəniyyət nümunələrimiz dağıntılara məruz qalıb. Bu, teatr sənətindən də yan keçməyib. İrəvan, Şuşa, Ağdam teatrları hazırda bu vəziyyəti özündə hiss edirlər. Dövlət tərəfindən bu teatrların kollektivləri üçün lazımi şərait yaradılıb.

Bu gün Azərbaycan qaynar mədəni həyat yaşayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq festivallar, simpoziumlar, mədəniyyət günləri, müsabiqələr və digər tədbirlər ölkəmizi dünyada böyük mədəniyyət mərkəzlərindən birinə çevirir.

Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və xalq teatrlarının fəaliyyət göstərdiyini söyləyən nazir bildirib ki, multikultural dəyərlər qorunaraq azsaylı xalqların teatr kollektivlərinin yaradılmasına və inkişafına geniş imkan açır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması teatr sahəsində də təcəssümünü tapıb. Ayrı-ayrı xalqların teatrları milli teatrımızla çiyin-çiyinə çalışaraq ümumi mədəni irsin zənginləşməsinə xidmət edir. IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyinin, tolerantlıq məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur. Bu mənada respublikamızda yürüdülən mədəniyyət siyasətinin məqsədi ölkələr, xalqlar, millətlər, etnoslar, etnik qruplar arasında mədəniyyət vasitəsilə aktiv dialoqa nail olmaqdan ibarətdir.

Belə bir tədbirin Bakıda keçirilməsinin böyük qürur hissi doğurduğunu söyləyən mədəniyyət və turizm naziri bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır.

Artıq dördüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən - Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Avstraliya, Belarus, Ukrayna, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İtaliya, Küveyt, Qətər, Latviya, Macarıstan, İraq, Özbəkistan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, teatr sənətinin nüfuzlu nümayəndələri Bakı şəhərinə toplaşıblar. Konfransda BTİ (Beynəlxalq Teatr İnstitutu), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), IFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.

Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev deyib ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcəkdir.

Ölkəmizdə teatr və rejissor məktəblərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın mühüm əhəmiyyət daşıdığını söyləyib.

Akademik vurğulayıb ki, ölkəmizdə olan etnik qrupların teatrları vahid ailənin üzvləri kimi çıxış edirlər. Teatrla bağlı problemləri müzakirə etmək üçün ölkəmizdə zəngin teatr təcrübəsi mövcuddur. Azərbaycanda bir neçə əsrlik teatr ənənəsi, bu sənəti zənginləşdirib inkişaf etdirən məktəblər, öz üslubu olan teatrlar vardır. Bu, Azərbaycan milli mədəniyyətinin böyük nailiyyətidir.

Azərbaycan yazıçılarının əsərlərinin bir çox dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə səhnələşdirildiyini bildirən akademikin sözlərinə görə, Cəlil Məmmədquluzadənin “Kamança” əsəri multikultural dəyərlərin rəmzinə çevrilə bilər. Multikulturalizm ölkəmizdə təkcə dövlət siyasəti deyil, həm də real həyat tərzidir.

Qara dəniz, Xəzər dənizi Beynəlxalq Fondunun vitse-prezidenti, “Afrikanın səsi” ədəbi mükafatının laureatı, şahzadə Zolani Mkiva (Cənubi Afrika Respublikası) konfransda iştirakından məmnunluğunu ifadə edib. Təəssüflə qeyd edib ki, Afrikanın heç də hər yerində teatr yoxdur. Bu platforma vasitəsilə mübadilə həyata keçirə bilərik. O, beynəlxalq konfransın işinin səmərəli olacağına və gələcək əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına inamını ifadə edib.

Konfransa dəvət edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirən Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti xanım Cin Qrehem-Cons (ABŞ) iki gün ərzində maraqlı müzakirələr aparılacağına ümidvar olduğunu deyib. Təmsil etdiyi federasiya haqqında məlumat verən qonaq müxtəlif teatr işçiləri və mütəxəssisləri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində gördükləri işlərdən də danışıb.

Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Əssiri (Səudiyyə Ərəbistanı) konfransın işinə uğurlar arzulayıb və tədbiri gələcək əməkdaşlığın qurulması baxımından yüksək dəyərləndirib.

Konfrans işini plenar iclaslarla davam etdirib.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev və Avstriyanın tanınmış teatrşünası Əsli Kislalın moderatorluğu ilə baş tutan birinci plenar iclasda dünya teatrlarının aparıcı simaları teatr sənətinin bu günu və sabahı haqqında fikir mübadiləsi aparıblar. İclasda Rusiyanın tanınmış teatrşünası Pavel Rudnyovun “Rusiya teatrında və dramaturgiyasında qaçqın mövzusu”, gürcüstanlı teatrşünas Medeya Çarkvianinin “Xanuma - Qafqazda multikulturalizm simvolu kimi”, misirli teatrşünas Abdel Rəhman Əl-Xamissinin “Teatrın demokratikliyi” (multikulturalizm və mədəni özünəməxsusluq haqqında), Böyük Britaniyadan Devid Pərrişin “Teatr, multikulturalizm və qlobalizasiya: incəsənət üçün yaradıcı imkanlar” və digər mövzularda məruzələr dinlənilib.

İkinci plenar iclas da maraqlı mövzularla davam edib. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və Yunanıstanın tanınmış teatrşünası Savas Patsalidisin moderatorluğu ilə baş tutan iclasda ölkəmizlə yanaşı, İraq, İspaniya, Rusiya, Litva və Qazaxıstandan olan məruzəçilər çıxış ediblər. “Tərcümə pyesləri Azərbaycan səhnəsində”, “Mən sadəcə başqasıyam!”, “Multikulturalizm və qarışıq reallıq” (Texnologiyalar sayəsində tamaşanın təsir gücünü artırmaq imkanları), “Milli teatrlar çoxmədəniyyətli regionlarda”, “Uşaq və gənclər teatrlarının əhəmiyyəti” və “Müasir teatrda aktyorun imici” mövzularında məruzələr dinlənilib.

IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.

AZƏRTAC

Paylaş:
965

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər