Azərbaycanlı oliqarxın bir milyardlıq vəsaitinə həbs qoyuldu – FOTO
Rusiyanın İstintaq Komitəsi əslən Azərbaycanın “Qırmızı qəsəbə”sindən olan Roman və Solomon Manaşirov qardaşlarının 1 milyard dollardan çox dəyəri olan aktivlərinə həbs qoyulması barədə vəsatət qaldırıb.
1news.az-a Rusiya KİV-nə verilən xəbərə görə, məhkəmə bu vəsatəti təmin edib və biznesmenlərin əmlakına istintaq başa çatana qədər həbs qoyulması barədə qərar çıxarıb.
Solomon Manaşirov Rusiyadan qaçıb və hazırda İsraildə gizlənir. Ona qarşı vergidən yayınma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırılıb, barəsində beynəlxalq axtarış elan edilib. Solomonun qardaşı Roman Manaşirov isə vəzifəli şəxsə rüşvət vermək, çirkli pulları leqallaşdırmaq və mütşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamları ilə həbsdədir.
Məhkəmənin qərarına əsasən biznesmenlərə məxsus “Armada” ticarət mərkəzinə və Solomon Manaşirovun şirkətlərinin digər aktivlərinə həbs qoyulub. Bundan əlavə biznesmenin ailəsinin Rublyovkada yerləşən şəxsi əmlakı, “Kolambus” ticarət məkəzi və digər aktivlər də həbs qoyulan əmlak sırasındadır. İstintaq həmin aktivlərin nə dərəcədə qanuni yollarla əldə edildiyini araşdırır.
1news.az