Azərbaycan damaçıları Avropa çempionatında çıxış edirlər
Noyabrın 12-də Tbilisidə 64 xanalı dama üzrə Avropa çempionatının rəsmi açılışı olub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə Beynəlxalq Dama Oyunları Federasiyasının prezidenti Vladimir Longin, Gürcüstanın hökumət üzvləri, idman mütəxəssisləri iştirak ediblər.
V.Longin bildirib ki, idmançılar 3 növ - standart, cəld və blits üzrə mübarizə aparacaqlar.
Sonda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Çempionatın mükafat fondu 30 min avrodur.
Çıxış edənlər idmançılara uğurlar arzulayıblar.
Bu gün dama ustaları blits üzrə mübarizə aparıblar.
Ölkəmizi bu çempionatda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə dama ustalarımız Aslan Aslanlı, Famil Kamilli, qadınlar arasında isə Vəfa Aslanova və Leyla Sadıqlı təmsil edirlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, SSRİ idman ustası Adil Quliyev müsahibəsində deyib ki, idmançılarımız bu yarışa ciddi hazırlaşıblar. Çempionatda tanınmış dünya və Avropa çempionları, güclü qrossmeysterlər iştirak edirlər. İdmançılarımızı çətin və gərgin mübarizə gözləyir.
Gənclər arasında dünya və Azərbaycan çempionu, beynəlxalq usta Aslan Aslanlı isə deyib:
“Məqsədimiz həmişə olduğu kimi Azərbaycanın bayrağını yüksəklərə qaldırmaqdır. Çalışacağıq ki, ölkəmizin idman şərəfini uca tutaq. Düzdür, bu, oyundur, bəzən məğlubiyyətlə də üzləşirik. Amma bu, bizi ruhdan salmır. Biz mübarizəmizi davam etdiririk”.
Çempionat noyabrın 20-də başa çatacaq.
1news.az