Möhsün Pakayin: “Qarabağın adını dəyişdirmək cəhdi münaqişəni daha da alovlandıra bilər”
Dağlıq Qarabağın adının "Artsax"a dəyişdirilməsi planı bölgə əhalisinin dini mənsubiyyətini inkar etmək məqsədi daşıyır, tamamilə şübhəli bir hərəkətdir və bu məsələdə ATƏT-in Minsk qrupunun susqunluğu düşündürücü məqamdır.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin adının "konstitusiya dəyişiklikləri" deyilən qurma proses çərçivəsində dəyişdirilərək "Artsax respublikası" adlandırılması cəhdi Dağlıq Qarabağın islami-şiə kimliyinin dəyişdirilməsi istiqamətində məkrli hərəkətlərin başlanğıcıdır:
"Minsk qrupunun üzvləri çox yaxşı başa düşürlər ki, Qarabağın adının dəyişdirilməsi və onun əhalisinin dini kimliyinin inkar edilməsi cəhdi heç də Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmayacaq və bu məsələ müharibə odunun daha da alovlanması ilə nəticələnə bilər. Bu təklifin azsaylı himayəçiləri, eləcə də Minsk qrupu başa düşməlidir ki, kommunistlərin 70 illik hakimiyyəti dövründə də Qarabağın müsəlman kimliyini inkar etmək mümkün olmadı. Bu bölgədə müsəlmanların şəraiti çətinləşdirilsə də, onlar öz kimliklərini və adət-ənənələrini qorudular".
Sabiq səfir bildirib ki, Qafqaz regionu bu gun sürətlə inkişaf edir, ona görə də hər bir təxribat xarakterli hərəkətin qarşısı alınmalıdır. Bu mənada region ölkələri sabitliyin və sülhun qorunmasında önəmli rol oynayır:
"Qarabağın müsəlmanlara məxsus olduğuna əmin olan İslam ölkələri və sülhsevər qurumlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən irəli sürülən təklifə reaksiya göstərib başqa ölkələr və qurumları, o cümlədən Minsk qrupunu bu təklifə qarşı çıxmağa çağırmalıdırlar".
M.Pakayin deyib ki, ermənilərin irəli sürdüyü "Artsax" adının tarixi nöqteyi-nəzərdən heç bir istinadı yoxdur: "Tarixi sənədləri əsas tutaraq deyə bilərik ki, Qarabağ Azərbaycan türkcəsində olan bir addır ki, iki sözdən yaranıb: qara və bağ. Bu adın tarixi əsasları var və ilk dəfə 12-ci əsrə aid olan sənədlərdə qeyd olunub. Tarixi sənədlər sübut edir ki, bu ərazi qədim dövrdən müsəlmanların ərazisi olub. Ruslar Türkmənçay və Gülüstan müqavilələrindən sonra erməniləri İslam ərazisi olan İrəvan və Qarabağa köçürüblər. O zaman ruslar Qarabağ əhalisinə söz veriblər ki, bu köç müvəqqətidir. 1823-cü ildə Qarabağın 625 kəndindən 478-də müsəlmanlar yaşayıb. O vaxt Britaniya nümayəndə heyətinin rəhbəri olan Tomas de Vaal İran-Rusiya müharibəsindən sonra Şuşa şəhərində olub və bildirib ki, şəhərin əksəriyyəti müsəlmandır".
Diplomat əlavə edib ki, bunlardan savayı, Qarabağın tarixi abidələri, mədəni irsi və müsiqisi bu ərazinin müsəlmanlara aid olduğunu göstərir: "Son 20 il ərzində Qarabağ məsələsi regional münaqişə sayılsa da, beynəlxalq qurumlar bu ərazinin Azərbaycana - müsəlmanlara aid olduğunu vurğulayıblar. Bütün sənədlər də sübut edir ki, Qarabağ Azərbaycan xalqının şiə kimliyinin bir parçasıdır".
1news.az