Putin Zelenskinin məktubuna cavab verdi: “Görüşün hələlik mənası yoxdur”
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin ona ünvanladığı məktubda kobud ifadələrin yer aldığını bildirərək, hazırkı mərhələdə onunla görüşməyin “heç bir məna kəsb etmədiyini” deyib.
1news.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən əsas sessiyada çıxışı zamanı danışıb.
Zelenskinin məktubuna münasibət bildirən Rusiya lideri sənəddə kifayət qədər kobud ifadələrin olduğunu vurğulayıb: “Bu məktub üzbəüz görüş üçün zəmin yaratmaq məqsədilə yazılıb, yoxsa belə bir görüşün baş tutmaması üçün? Məncə, ikinci variantdır”.
Putin Zelenski ilə görüş ehtimalına dair sualı cavablandırarkən isə qeyd edib ki, “hələlik bunun heç bir mənasını görmür”.
O əlavə edib ki, cavab məktub şəklində deyil, cəbhədə olan rus hərbçilərinə verilməlidir: “Yoldaş əsgərlər, bütün ölkə sizə baxır, sizinlə qürur duyur və sizə güvənir. Tapşırığınızı yerinə yetirməyə davam edin, qardaşlarım”.
Rusiya Prezidenti, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trumpın 2020-ci ildə hakimiyyətdə olması halında Ukraynadakı müharibənin başlamaya biləcəyini iddia edib: “Əgər o vaxt Tramp prezident olsaydı, seçkilərdə aldadılmasaydı və hakimiyyətdə qalsaydı, bəlkə də bu hadisələr baş verməzdi”.
Putin bildirib ki, Ukrayna rəhbərliyi ABŞ-dən silah almaq istəyir, lakin Trampın mümkün razılaşmanın təminatçısı olmasını qəbul etmir: “Bunun səbəbini anlamaqda çətinlik çəkirəm”.
O, ABŞ və İsrailin İrana hücumları fonunda Yaxın Şərqdə artan gərginliyə də toxunaraq qeyd edib ki, Rusiyanın əlində İranın nüvə silahı hazırladığına dair hər hansı məlumat yoxdur və Moskva həm Vaşinqton, həm Tehran, həm də Təl-Əvivlə təmasdadır.
Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski Putinin açıqlamalarına cavab verib.
Zelenski bildirib ki, Rusiya ilə əsir mübadiləsi həyata keçirilib və bu gün 185 ukraynalı hərbçi və 1 mülki şəxs evlərinə qaytarılıb. O əlavə edib ki, ilin əvvəlindən bəri ümumilikdə 1429 ukraynalı hərbçi və mülki şəxs əsirlikdən azad olunub.
Ukrayna lideri müharibənin dayandırılması üçün ABŞ və Avropa ilə danışıqlara hazırlaşdıqlarını qeyd edib: “Avropalıların Ukraynanı dəstəkləmək üçün yeni addımlar hazırladığını bilirik”.
Zelenski Putinin cavabının Rusiyanın müharibəni seçdiyini göstərdiyini bildirib: “Rusiya tərəfi təəssüf ki, yenə müharibəni seçir. Bu gün verilən cavabı hamı eşitdi. Bu, zəif cavabdır. O, müharibəni bitirmək istəmir. Düşünürəm ki, dünyada bir çox insan bu cavabdan məyus oldu. Heç nəyi dəyişmək istəmir, sadəcə özü və ondan qazananların müharibəni sevdiyini etiraf etmək istəmir”.
Qeyd edək ki, Zelenski bir gün əvvəl Putinə açıq məktub göndərərək, iki liderin görüşməsini və müharibəyə birbaşa danışıqlar yolu ilə son qoyulmasını təklif etmişdi.












