“Türkiyə Şanxay blokuna qoşula bilər” – Ərdoğandan Avropa İttifaqına cavab
“Türkiyənin Avropa İttifaqına qoşulmağa ehtiyacı yoxdur və əvəzində Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin üstünlük təşkil etdiyi təhlükəsizlik blokuna qoşula bilər”.
1news.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O deyib ki, NATO üzvü olan Türkiyənin 11 il ərzində aparılan danışıqlardan sonra Aİ-ə üzv olması perspektivləri hazırda daha uzaqda görünür.
“Niyə Türkiyə Şanxay Beşliyində olmamalıdır? Mən bu barədə cənab Putinə, cənab Nazarbayevə və Şanxay Beşliyində olanlara dedim. Ümid edirəm ki, əgər işlər yaxşı gedərsə, mən Türkiyənin Şanxay Beşliyinə üzvlüyü barədə düşünəcəyəm. Bu Türkiyəyə daha da sərbəstlik verəcək”.
Qeyd edək ki, Çin, Rusiya və dörd Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatını yaradıb. Təşkilat radikal İslamdan gələn təhdidlər və Əfqanıstandan qonşu ölkələrə yayılan narkotik qaçaqmalçılığı ilə mübarizə edən regional təhlükəsizlik bloku rolunu oynayır.
Türkiyə 2013-cü ildə bu təşkilatda dialoq üzrə tərəfdaş statusunu alıb.
1news.az