Azərbaycan taekvondoçusu “Qran-pri” turnirinin qalibi olub
Bu gün Bakıda taekvondo üzrə "Qran-pri" turnirinin final mərhələsi start götürüb.
1news.az apasport.az-a istinadən xəbər verir ki, ilk gündə dayanq üzərinə Azərbaycan yığmasının iki üzvü çıxıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilən yarış saat 10:00-da başlayıb.
Millimizin gənc üzvü Roman Samodurov (58 kq) ilk döyüşdəcə bu çəkinin reytinqində ilk pillədə yer alan cənubi koreyalı Tae-Hun Kim ilə döyüşüb. Təəssüf ki, yekunda təcrübə öz sözünü deyib. Rəqib qələbə sayəsində mərhələ adlayıb.
Komandamızın heyətində böyük ümidlər bəslənilən Milad Beigi Harçeqani (80 kq) 1/8 finalda avstriyalı Hayder Şkaranı sınağa çəkib. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. İlk raundda 8:0 hesabı ilə öndə olan Harçeqani növbəti hissədə üstünlüyü 14:0-a çatdırıb və vaxtından əvvəl qalib elan olunub. Olimpiya mükafatçımız 1/4 finalda cənubi koreyalı Heyeon-Vu Kimlə üz-üzə gəlib. Bu rəqib də taekvondoçumuza müqavimət göstərə bilməyib. Harçeqani asiyalını 17:1 hesabı ilə məğlub edib.
O, yarımfinalda meksikalı Rene Lizarraqa ilə qüvvəsini sınayıb. Harçeqani bu rəqibi də dayanq üzərinə çıxmağa peşman edib və görüşü vaxtından əvvəl xeyrinə bitirib. 18:0 hesablı üstünlük Miladı ikinci raundda finala yüksəldib. İdmançımız həlledici görüşdə də misirli Seif Eissaya göz açmağa imkan verməyib. Azərbaycan taekvonduçusu bu dəfə də vaxtından əvvəl qələbəyə sevinib. 3-cü raundun əvvəlində hesabı 12:0-a çatdıran Harçeqani Qran-pri turnirinin qalibi olub.
Qeyd edək ki, yarışın ikinci günü millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq.
1news.az