Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, E. Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü bildirib.
L. İzoria isə prezident İlham Əliyevlə çox maraqlı və faydalı görüş keçirdiyini deyib. İki ölkənin strateji tərəfdaşlığı və dostluğunun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyən qonaq, müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb. O, Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə 5-ci görüşün keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd ediblər. Tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini, hər iki ölkənin üzləşdiyi münaqişələrin məhz bu prinsiplər əsasında həll edilməsinə dair mövqelərini yüksək qiymətləndiriblər.