Yeniyetmə güləşçilər Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıb – FOTO
Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
1news.az-ın məlumatına görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub.
Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
1news.az