Mübariz Əhmədoğlu: MDB məkanında rus dilinin yayılmasına Rusiyanın münasibəti siyasiləşmiş yanaşmadır
MDB məkanında rus dilinin inkişafı və rusdilli əhali Kremlin əlində həmin dövlətlərə qarşı siyasi vasitələrdən biridir. Rus dilinə və rus dilli əhaliyə qarşı olan təzyiqlər şantaj vasitəsi kimi həmin əhalinin yerləşdiyi dövlətə qarşı yönələ bilir. Amma bu, tam möhkəmlənmiş mövqe deyil, Kremlin ikili standartıdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan və Azərbaycan respublikalarında rus dilinə münasibət ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Fikirlərimizi Ermənistan və Azərbaycan respublikalarında rus dilinə münasibət və Kremlin bu dövlətlərdəki rus dilinin vəziyyətinə yanaşmasının üzərində qurmaq istəyirik.
Rusiya rəsmilərindən və yaxud ekspertlərdən kimsə bu məsələni Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirməsi çox mümkündür. Ermənilərin rus dilinə, xalqına və rus pravoslavlığına münasibəti ilə bağlı bütün neqativliklər bir neçə on illik bundan qabaq başlayıb və pauzalarla davam edir. A.Qriboyedovun ermənilər tərəfindən öldürülməsi, Moskva metrosunda ermənilərin terror törətməsi, sovet pulunun saxtalaşdırması, erməni qriqrian kilsəsinin katolik kilsə ilə birləşərək Osmanlı ərazisində Rusiyaya qarşı işlər aparması və s. bunlar hamısı azsaylı ekspertlərə məlum olan məsələlərdir. SSRİ dağılmaq ərəfəsində olarkən ermənilər üç prosesi paralel apardılar:
1) Milli zəmində Dağlıq Qarabağ münaqişəsini yaratmaqla SSRİ-nin dağılmasında çox ciddi rol oynadılar.
2) Ermənistan keçmiş sovet respublikaları içərisində rusları qovan ilk respublikadır.
3) Sovet ordusuna qarşı SSRİ respublikaları arasında ilk hücum Ermənistandan başlandı.
İndi Dağlıq Qarabağ münaqişəsi davam edir və bu münaqişənin beynəlxalq hüquq normaları ilə heç bir əlaqəsi yoxdur. Bu münaqişə hələ sovet dövründə ermənilərin antiazərbaycan mahiyyətinin əlamətidir. Çünki Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tərkibindən ayrılıb, Ermənistanın tərkibinə birləşməklə bağlı Dağlıq Qarabağ ermənilərinin qərarından sonra başladı”.
Politoloq qeyd edib ki, SSRİ-nin 7-ci ordusunu qovmaqda ermənilər səhv etdiklərini başa düşdülər, rus ordusunu geri çağırdılar və 102-ci hərbi baza bu qaydada peyda oldu:
“Amma rus dilli əhali və rus dilinə qarşı Ermənistanın münasibəti 88-ci ildə hansı təməl üzərində qoyulubsa, indi də elə o təməl üzərində davam edir. O zaman Ermənistanda 1988-ci ilin iyul ayında artıq teatr meydanında ruslara qarşı nifrət körükləyən, rusların Ermənistanı tərk etməsini tələb edən açıq şüarlar səslənirdi. Sonradan dəfələrlə bir neçə dəfə Ermənistanda Rusiya və rus dilinə qarşı kampaniya başladı. Nəticədə bu özünü dövlət siyasətində göstərdi; həm rusdilli əhali ölkəni tərk etdi, həm rus dilində təhsil minimallaşdı, həm də rus dilində olan nəşrlərin sayı azaldıldı. Bu hadisələrdən qabaq azərbaycanlılar Ermənistan SSRİ-nin ərazisindən deportasiya olunmuşdu. Son xəbərlərə görə, Ermənistandakı sonuncu slavyandilli yaşayış məntəqəsinin-molakanların məskunlaşdığı Fieletovo kəndinin də boşaldılmasına başlanıb.
Zaman keçdikcə Ermənistanda rus dilində televiziya verilişlərinin yayılmasına məhdudiyyətlər qoyulmağa başlandı. Bunların məntiqi davamı olaraq Ermənistanda rus dilinə qarşı digər keçmiş sovet respublikalarında rast gəlinməyən təhqir kampaniyası aparıldı. Heç bir Rusiya eksperti, siyasətçisi rus dilinə qarşı Ermənistanın təhqirlərinə reaksiya vermədi. Hətta bəzi rusiyalı siyasətçilər Ermənistanın rus dilinə qarşı mövqeyinə haqq qazandırmağa çalışdılar.
Ermənistanın rus dilinə, rus xalqına qarşı neqativ münasibəti Ermənistan üçün çox vacibdir. Çünki bu üsulla özünə Qərbdə geosiyasi və maliyyə resursu yaratmış olur. Ermənistanda rus dilinə qarşı neqativ münasibət digər vasitələrlə də davam etdirilir. Moskvada erməni mənşəli 6 milyarder olsa da, milyarderdən heç birisi Ermənistanda rus dilinin inkişafına 1 sent də olsun pul xərcləmədi. Əksinə, hətta erməni milyarderlərdən biri Ermənistanda ingilis dilli təhsilin inkişafı istiqamətində ciddi vəsait xərcləyib”.
Mübariz Əhmədoğlunun fikrincə, bu kontekstdən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Eleonora Mitrofanovanın MDB məkanında rus dilinə statusun verilməsi ilə bağlı fikri yalnız Ermənistanda süngü ilə qarşılanması başa düşüləndir:
“Belə mövqe səbəbsiz deyil. Erməni düşüncəsinə görə, Rusiyadan daha çox qazanc əldə etmək və Rusiyanın əleyhinə işləmək lazımdır. Ruslara belə yanaşma Ermənistanda doktrinaya çevrilib. Azərbaycanda rus dilinə qarşı münasibətdə Ermənistandan tamamilə fərqli proseslər davam edib. Qərb, Türkiyə və İran Azərbaycan xalqının rus dilinə olan sevgisini başa düşmür. Azərbaycanda da Xalq Cəbhəsi hakimiyyətdə olduğu dövrdə az müddət rusdilli əhaliyə qarşı, rus dilinə qarşı təzyiqlər oldu. Azərbaycan dövləti, Heydər Əliyev kursu ölkədə rus dilinin inkişafına olan maneələri aradan qaldırdı və nəticədə Azərbaycanda rus dilinə lazımi şərait yaratdı. Bu günün özündə də Bakı rusdilli şəhərdir.
Ən paradoksal faktdır ki, 1990-cı illərin yanvarında anadan olan gənc azərbaycanlı qız bu gün anadır və öz övladları ilə həm də rus dilində danışır. Azərbaycan xalqının rus dilinə münasibəti fenomenal hadisədir. Rusiyada isə Azərbaycan xalqının rus dilinə belə münasibətini görmürlər, görmək istəmirlər. Ermənistanda rus dili işlənmir, təhqir olunur. Ermənilər isə Rusiyanın dövlət həyatında aktiv iştirak edir. Ermənilərin Rusiya rəsmilərinin siyasətinə təsir etmək üçün digər korporativ imkanları olduğu üçün Ermənistanda rus dilinin təhqir olunması Kremli narahat etmir. Əksinə, Kreml Ermənistana yardım edir. Azərbaycanda xalq tərəfindən rus dilinin qorunmasına baxmayaraq Kreml Azərbaycan xalqına təzyiq edir və bu günədək Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil.
Rusiya nəzərə alsın ki, bu gün əgər işğal olunmuş ərazilərdə də azərbaycanlılar yaşayacaqsa, bu yenə həmin ərazilərdə əhalinin hesabına rus dilinin yayılması deməkdir. Amma məhz erməni faktoru Kremli bunu görməməyə vadar edir. Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Ermənistana qayıdacaqsa bu Ermənistanda da rus dilinin yayılma arealının genişlənməsi anlamındadır.
Kremlin siyasətində prinsipiallığın olmaması əhalimiz tərəfindən görünür və rus dilinin inkişafına siyasiləşmiş münasibətin olması gec-tez Azərbaycan xalqında da özünü göstərə bilər”.
1news.az