Yeni xarici siyasət konsepsiyası: Rusiya daha fəal mövqeyə keçir – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Yeni xarici siyasət konsepsiyası: Rusiya daha fəal mövqeyə keçir – Newtimes.az

15:53 - 23 / 01 / 2017
Yeni xarici siyasət konsepsiyası: Rusiya daha fəal mövqeyə keçir – Newtimes.az

Moskva 2013-cü ildə xarici siyasət konsepsiyasını yeniləşdirmişdi. O zaman sənəddə qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər xüsusi qeyd olunurdu. Cəmi üç ildən sonra Kreml növbəti dəfə xarici siyasət kursuna yenidən baxmağa qərar verib. Mütəxəssislər bunu dünya səviyyəsində ciddi miqyasda geosiyasi yeniliklərin müşahidə edilməsi ilə əlaqələndirirlər. 2016-cı ilin əvvəllərindən hazırlanan sənəddə həmin özəllik ayrıca vurğulanır. Ölkənin xarici siyasəti də ona uyğun olaraq yeniləşir.

Burada müxtəlif istiqamətlərdə Rusiyanın beynəlxalq arenada daha fəal mövqe tutacağı konkret müddəalarla qeyd olunur. Belə görünür ki, Rusiya dünya liderlərindən biri kimi fəaliyyət göstərməyə qərar verib. Onun, təbii ki, müxtəlif aspektləri vardır. Həm böyük dövlətlərə olan münasibətdə, həm də regional münaqişələrin həllindəki iştiraka aid maddələr orada yer alıb. Bütövlükdə götürdükdə, sənəd maraqlı və aktual məsələlərə konkret yanaşma ilə xarakterizə olunur. Onun nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq əhəmiyyətlisi odur ki, Moskva sürətlə dəyişən dünyada özünün yerini və funksiyasını çevik surətdə müəyyənləşdirməyin öhdəsindən gəlir. Bu kontekstdə sənəddə ifadə olunan fikirlərin təhlilinə ehtiyac duyulur.

Üç ildən sonra: dəyişən situasiyaya çevik reaksiya

Prezident Vladimir Putin ölkənin yeni xarici siyasət konsepsiyasının qəbul edilməsi barədə sənəd imzalayıb. Sənəd KİV-də dərc edilib (bax: Концепция внешней политики Российской Федерации (утверждена Президентом Российской Федерации В.В.Путиным 30 ноября 2016 г.) / "mid.ru", 1 dekabr 2016). Son olaraq 2013-cü ildə yenilənən (ondan əvvəlki 2008-ci ildə hazırlanmışdı) xarici siyasət konsepsiyasına cəmi 3 ildən sonra yenidən baxılmasına ehtiyac nədən yaranıb?

Mütəxəssislər bu sualı qoyurlar. Cavablarda ifadə olunur ki, keçən müddət ərzində qlobal miqyasda maraqlı siyasi və geosiyasi proseslər baş verib. Onların ən əhəmiyyətliləri yeni sənəddə öz əksini tapıb. Doğrudan da, konsepsiyada Rusiya hakimiyyəti müasir mərhələdə qlobal geosiyasətdə fərqli faktorların meydana gəldiyini vurğulayır. Onların hamısı yekun olaraq ölkənin təhlükəsizliyinin təmini ilə yanaşı, Rusiyanın beynəlxalq arenada fəallığının yeni səviyyəyə yüksəldilməsini nəzərdə tutur.

İlk öncə dünya siyasətinin ağırlıq mərkəzinin Asiya-Sakit okean hövzəsinə keçdiyi vurğulanır (bax: əvvəlki mənbəyə, II hissə 4-cü maddə). Bu o deməkdir ki, Kremlin fikrinə görə, artıq qlobal geosiyasətin ən aktiv məkanı Qərb deyil, Uzaq Şərqdir. Bu, faktiki olaraq yaxın perspektivdə dünya siyasətində Çinin rolunun ciddi surətdə artacağını qəbul etmək anlamına gəlir. Həmin əsasda da ABŞ-Çin münasibətləri qlobal geosiyasətin ən aktual problemi olaraq qalacaq. Bunun fonunda Rusiya Federasiyasının hansı geosiyasi mövqe tutacağı olduqca maraqlıdır.

Konsepsiyada bu suala cavab var. Belə ki, artıq Moskva yalnız MDB məkanında fəal olmaq niyyətində deyil. Onun hədəfində dünyanın bütün regionlarında təhlükəsizlik, beynəlxalq münasibətlərin tənzimlənməsi və terrorla mübarizədə dominant rola iddia etmək vardır. Həmin kontekstdə sənəddə Suriya, Ukrayna, Moldova, Gürcüstanın adının hallanması diqqəti çəkir. Bundan başqa, mütəxəssisləri Avropa İttifaqı ifadəsindən çox, konkret olaraq Almaniya, Fransa, İspaniya və İtaliya ilə münasibətlərə üstünlük verilməsindən bəhs edilməsi düşündürməkdədir. Belə görünür ki, Moskva Aİ-nin yaxın illər üçün səfərbər olunaraq güclü vahid geosiyasi mövqe tutan təşkilat halına gələ biləcəyinə inanmır. Böyük Britaniyanın Aİ-ni tərk etməsinin "domino effekti" verəcəyinə əmindir. Bu, maraqlı məqamdır, çünki Aİ-nin geosiyasi oyunçu kimi bir qədər arxa plana keçməsi dünya miqyasında ciddi nəticələr verə bilər.

Əvəzində, Rusiya Amerika ilə daha sərt dillə danışmaq qərarına gəlib (bax: əvvəlki mənbəyə, 29-38-ci maddələr). Bunun təməlində duran səbəb mövcud siyasi-hərbi təşkilatların qlobal təhlükəsizliyi etibarlı təmin etməyə yetərli olmamasındadır. Dünya isə polisentrik struktur formasına keçir. Risklər artır, beynəlxalq təhlükəsizlik sisteminin formalaşması üçün ciddi təhdidlər meydana çıxır. Bu mənada terror xüsusi təhlükə törədir. Sənəddə bu kontekstdə İŞİD-in adı tez-tez çəkilir (2013-cü il sənədində bu ifadələr yox idi, bax: məs.; Алексей Токарев. Две концепции внешней политики: буквы, слова и смыслы в 2013 и 2016 году / "mgimo.ru", 7 dekabr 2016).

Təhlükəsizliyin təmini və münaqişələrin həlli: Kremlin yeni hədəfləri

Belə şərtlər daxilində Rusiya kənardan olan təsirlərə laqeyd qala bilməz. O cümlədən Vaşinqtonun beynəlxalq hüquqa uyğun gəlməyən və müxtəlif dövlətlərə təzyiq xarakterli davranışlarını qəbul etməyəcək. Onda qlobal miqyasda geosiyasi proseslərin tənzimlənməsində və beynəlxalq hüququn təmin edilməsində əsas rolun BMT-nin üzərinə düşməsi prinsipial əhəmiyyət daşıyacaq. Yeni konsepsiyada həmin məqam xüsusi vurğulanır (bax: Концепция внешней политики Российской Федерации (утверждена Президентом Российской Федерации В.В.Путиным 30 ноября 2016 г.) / "mid.ru", 1 dekabr 2016).

Deməli, Rusiyanın yeni xarici siyasət kursunda qlobal miqyasda daha fəal və təsiredici fəaliyyət mühüm yer tutur. Bunu Kreml dünyada, ümumiyyətlə, geosiyasi dinamikanın dəyişməsi ilə əsaslandırır. Deyilənlərin fonunda rəsmi Moskvanın postsovet məkanında münaqişələrin həllində iştirakı ilə bağlı konsepsiyada nələri nəzərdə tutması təbii maraq doğurur.

Konkret olaraq Abxaziya və Cənubi Osetiyanın "demokratik dövlətə" çevrilməsi istiqamətində işlərin davam etdiriləcəyi vurğulanır. Ancaq Gürcüstanla da mümkün bəndlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına baxılması da qeyd olunur. Dnestryanı bölgə məsələsinin Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına, lakin, eyni zamanda, Dnestryanıya xüsusi statusun verilməsi şərti ilə bu məsələnin aradan qaldırılmasına üstünlük veriləcək (bax: əvvəlki mənbəyə).

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi isə, 2013-cü il sənədində qeyd olunduğu kimi, "ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ilə qarşılıqlı əlaqədə" həyata keçirilməlidir (bax: əvvəlki mənbəyə). Belə görünür ki, Rusiya postsovet məkanındakı münaqişələrin həlli məsələsində ciddi mövqe dəyişikliyinə getmək fikrində deyil.

Ancaq onların aradan qaldırılması üçün fəallığını artıra bilər. Bunun hansı nəticələri verəcəyini indidən demək çətindir. Konkret Dağlıq Qarabağa gəldikdə isə, rəsmi Moskvanın fövqəladə hansısa addım atmasını gözləmək doğru olmazdı. Əvvəlki mərhələdə olduğu kimi, Kreml Minsk qrupunun həmsədr dövləti kimi başqa həmsədrlərlə koordinasiyada hərəkət etməyə çalışacaq və bu zaman Ermənistana təzyiq göstərilməsi ehtimalı çox zəifdir.

Maraqlıdır ki, Rusiya dünya miqyasında geosiyasi dinamikanın dəyişdiyini və bu kontekstdə ümumi təhlükəsizlik probleminin fərqli məzmun kəsb etdiyini qəbul edir. Bu prosesin Ukrayna və Gürcüstanla münasibətlərə təsirini haradasa istisna etmir, Moldova məsələsinə konkret olaraq ərazi bütövlüyü prizmasından yanaşır, ancaq Dağlıq Qarabağla bağlı hansısa dəyişikliyin olmayacağı mesajını da verir. Burada ziddiyyət göz qabağındadır. Əgər yeni konsepsiyadakı prinsipial əhəmiyyət daşıyan geosiyasi faktorlar yeniləşəcəksə, onun münaqişələrin həllinə təsiri qaçılmazdır. Bu inkar edilirsə, deməli, hansısa məqamda münaqişəni dondurmaq niyyətləri vardır.

Azərbaycanın belə bir vəziyyətlə razılaşması mümkün deyildir. Bu o deməkdir ki, sənəddə qeyd olunmamasına baxmayaraq, Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması istisna edilməməlidir.

Həmin məqam Rusiya rəhbərliyinin "şəbəkə diplomatiyası" faktoruna daha çox önəm vermək istəyi fonunda çox maralı görünür. Çünki həmin diplomatiya faktiki olaraq ölkə XİN-in bütün istiqamətlərdə sistemli formada fəallaşmasını nəzərdə tutur. Müxtəlif istiqamətlərdə yeridilən diplomatik fəaliyyətin əsas aspektləri məntiqi olaraq bir-biri ilə sıx əlaqədə götürülür. Belə çıxır ki, yeni xarici siyasət konsepsiyası reallıqda bir çox dəyişikliklərə yol aça bilər. Bunun bütövlükdə qlobal geosiyasətdə hansı yeniləşmələrə aparıb çıxaracağını zaman göstərəcək.

Newtimes.az

Paylaş:
591

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər