IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri müəyyənləşdi - FOTO
Fevralın 8-də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimat mərasimi keçirib. Mərasimdə IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri təqdim olunub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfirlər qismində qatılacaq məşhurlarımız idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına mühüm töhfə verəcəklər.
“Grassroots” proqramı idmançı və ulduz səfirlər vasitəsilə ictimaiyyətə təqdim olunub. IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial kampaniyaları dəstəkləyəcək və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərəcəklər.
AİHOƏK rəsmilərinin çıxışlarından sonra idmançı və ulduz səfirlər ictimaiyyətə təqdim edilib.
Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi-2011”in qalibi Mirələm Mirələmov yer alıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri isə Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvando), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvando), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) olublar.
Təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi Oyunlarının mesajı olan “Birlik”, “Sülh”, “Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə çatdıraraq, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
Proqrama yerli atletlərdən başqa, əcnəbi idmançılar da qoşulub. İndiyədək proqrama qoşulan əcnəbi atletlərin təsdiqlənmiş sayı 16-dır.
1news.az