İslam Oyunlarının taekvando yarışında 40 ölkədən idmançının iştirakı təsdiqlənib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışı mayın 16-18-də Bakı İdman Sarayında keçiriləcək. Oyunlarda 40-dək ölkənin taekvando komandalarının iştirakı təsdiqlənib.
1news.az xəbər verir ki, bunu taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Rəşad Əhmədov “Bakı-2017”yə hazırlıqla bağlı Azərtac-a müsahibəsində deyib.
R.Əhmədov deyib ki, ümumilikdə 300-ə yaxın kişi və qadın taekvandoçunun IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməsi təsdiqlənib. Taekvando yarışında iştirak etmək istəyən müxtəlif ölkələrin idmançılarının sayı getdikcə artır.
R.Əhmədov bildirib ki, Dünya Taekvando Federasiyasının (DTF) yarış cədvəlinə uyğun olaraq, fevralda Türkiyədəki turnirdən sonra yığma komanda martda Hollandiyada və Belçikada keçiriləcək beynəlxalq yarışlardan birinə qatılmağı planlaşdırır. Həmin turnirlərdə yüksək nəticə göstərən idmançılar ilin ən mühüm yarışında - IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Biz məşqçilər çalışacağıq ki, “Bakı-2017”də Azərbaycanı ən güclü idmançılarımız təmsil etsin. Bu Oyunlardan sonra ilin ən vacib yarışlarından biri iyunda Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatı olacaq.
Taekvando yarışlarında yeni qaydalarla bağlı danışan R.Əhmədov qeyd edib:
“İdmanın bu növündə xalların hesablanması, məşqçilərin döyüş vaxtı kart çıxarması ilə bağlı bəzi dəyişikliklər edilib. Yeni qaydalarla bağlı federasiyanın baş hakimi ilə birgə iclas keçirmişik və idmançılarımız bu barədə məlumatlandırılıb. Türkiyədəki turnirdə yığma komandamızın üzvləri qaydalara edilən dəyişikliklərlə tanış olacaqlar. Bu qaydaların Azərbaycan idmançılarının xeyrinə olacağını düşünürəm”.
1news.az