Ramil Şeydayev: “Jilina”da mütəmadi oynayacağımı düşünürəm”
“Jilina”ya gəldiyim üçün şadam. Bu mənim üçün yaxşı seçimdi”.
1news.az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev deyib.
Türkiyənin “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, gənc forvard qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək.
Yeni komandasının saytına danışan Şeydayev bildirib ki, daimi heyətdə yer almaq və komandası üçün faydalı olmaq üçün gözəl şans qazanıb:
“Bura gəlməmişdən öncə “Trabzonspor”un slovakiyalı futbolçuları Yan Dyuritsa və Matuş Bero ilə də danışdım. Onlar mənə dedilər ki, “Jilina” Slovakiyada böyük klubdu. Burda mütəmadi oynayacağımı düşünürəm”.
Yerli çempionatda inamlı çıxış sayəsində avrokubokda uğurlu nəticə qazanacaqlarına inam ifadə edən millimizin futbolçusu ilk təəssüratlarından da razı qalıb. O bildirib ki, artıq komandada meydana çıxmaq şansını səbirsizliklə gözləyir.
Qeyd edək ki, 17 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edən "Jilina" növbəti matçını fevralın 18-də keçirəcək. Onlar autsayder "Senitsa"nın qonağı olacaqlar.
1news.az