“Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO - VIDEO
Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib.
Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.
Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblər təqdim olunub.
Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri “İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ən yaxşı layihə müəllifi olaraq seçiliblər.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, layihədə ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edib.
Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkətidir.
“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.
2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730 nəfər şagird qatılıb, onlardan 30 şagird Intel İSEF-də iştirak etmək hüququ qazanıb.
1news.az