İlham Əliyev: “Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır”
“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır”.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Mehriban Əliyevanı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edən dövlət başçısı bildirib:
“Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Bu partiya ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə çatır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Depuat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Deputat kimi onun geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.
2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentdir. Heydər Əliyev Fondu onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox layihələrə start verilib”.
1news.az