Pakistan qəzeti Azərbaycan-Pakistan diplomatik əlaqələrinin 25 illiyinə dair xüsusi buraxılış hazırlayıb
Pakistanın “Election Times” qəzeti və portalı Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü münasibətilə xüsusi buraxılış hazırlayıb.
Xüsusi buraxılışda “Diplomatik əlaqələrin 25-ci ildönümü. Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: yeni imkanlar və yeni perspektivlər”, “Azərbaycanın strateji yol xəritəsi”, “Azərbaycan: regional iqtisadi lider”, “Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalələr verilib.
Məqalələrdə hər iki ölkənin və xalqın qədim tarixə söykənən möhkəm siyasi, mədəni və iqtisadi əlaqələrə, birgə dəyərlərə malik olduğu qeyd edilib. Azərbaycan və Pakistan xalqları arasında müştərək mədəni amillərin mövcudluğu, ticari-iqtisadi əlaqələrin inkişafı diqqətə çatdırılıb.
Yazılarda bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı ilk tanıyan dövlətlərdən olan Pakistan demək olar bütün məsələlərdə Azərbaycanla həmrəydir, həm ikitərəfli, həm də beynəlxalq platformada hər iki ölkə bir-birini dəstəkləyir.
Məqalələrdə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərdə ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, eyni zamanda, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğu bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə ticarət sahəsində fəaliyyət göstərəcək birgə müəssisələr yaradılması, həmçinin Pakistanın Azərbaycanın iştirakçısı olduğu nəqliyyat layihələrindən faydalanmasının mümkünlüyünü ifadə edən fikirlər də yazılarda öz əksini tapıb.
Qeyd edilir ki, Pakistanın Baş naziri son 25 ildə bütün sahələrdə böyük uğur qazanan Azərbaycanın İslam ölkələri üçün qürur mənbəyi və inkişaf edən ölkələr üçün örnək olduğunu bildirib. Görüşlərdə ikitərəfli iqtisadi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, eləcə də investisiyaların cəlb olunması, nəqliyyat layihələrinə qoşulmaq, birgə ticarət təşkilatlarının təsis edilməsi və s. məsələlər müzakirə olunub.
Xüsusi buraxılışda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilir.
Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs olunur, Ermənistanın işğalçılıq siyasəti ifşa edilir. Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı olduğu oxucuların diqqətinə çatdırılır. Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyi vurğulanır.
АZƏRTAC