ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının 25 illiyi ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması kampaniyası keçirir
ABŞ-da Amerika ictimaiyyətini Xocalı qətliamı barədə məlumatlandırmaq üzrə illik kampaniya keçirilir. ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən hazırlanmış, ABŞ konqresmenlərinə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, ABŞ Dövlət Departamentinə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq edilmiş ən dəhşətli hadisələrdən biridir.
Müraciətdə Xocalının işğalı zamanı həlak olmuş insanlar haqqında statistik informasiya və erməni silahlı bölmələri tərəfindən törədilmiş vəhşiliklər barədə spesifik məlumatlar verilir. ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qırğınının dünya ölkələrinin qanunverici orqanları və hökumətləri tərəfindən tanınmasının vacibliyini vurğulayaraq qeyd edir ki, Xocalı qırğını bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
AZƏRTAC