Bakıda Prezidentin iştirakı ilə “Xocalı yürüşü” keçirilib - FOTO
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş “Xocalı” abidəsinin önündə bitib.
Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri iştirak ediblər.
Aksiyaya paytaxt sakinləri, Xocalı soyqırımının canlı şahidləri də qatılıblar.
40 mindən çox iştirakçısı olan yürüşdə qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutulub.
Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
Azərtac xəbər verib ki, Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Heydər Əliyev abidənin önünə tər güllər qoyublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.
Fotolar Azərtac-ındır.
1news.az