Şəhid əsgər Tovuzda son mənzilə yola salınıb
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü, Tovuz rayonu Yanıqlı kənd sakini Əhmədov Elvin Süleyman oğlu dəfn edilib.
Şəhid Elvin Əhmədov böyüyüb boya-başa çatdığı Tovuz rayonunun Yanıqlı kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb və ruhuna dualar oxunub.
Mərasimdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda torpaqlarımızın bütövlüyü uğrunda döyüşən əsgər və zabitlərimizin şücaəti yüksək qiymətləndirilib, şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhid atası Süleyman Əhmədov övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib.
Döyüş yoldaşları Elvini hər zaman vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.
Tabut üzərinə örtülmüş üçrəngli Dövlət bayrağı şəhidin atasına təqdim olunub.
Elvin Əhmədovun nəşi minlərlə insanın müşayiəti ilə əsgəri ənənələrə uyğun yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklillər və tər qərənfillər düzülüb.
AZƏRTAC